Eldar Qaradağlı: “DAK İdarə Heyətinin qurultaydan sonra keçirilən ilk toplantısında sədrin siyasi məsələlər üzrə müavini seçilmişəm”

Eldar Qaradağlı: “DAK İdarə Heyətinin qurultaydan sonra keçirilən ilk toplantısında sədrin siyasi məsələlər üzrə müavini seçilmişəm”
# 28 iyul 2007 10:08 (UTC +04:00)
“Dünya Azərbaycanlıları Konqresi daxilində qruplaşma yaratmağımla bağlı informasiyalar həqiqətə uyğun deyil. Qurultaydan sonra qurumun İdarə Heyətinin birinci toplantısında mən DAK sədrinin siyasi məsələlər üzrə müavini vəzifəsinə seçilmişəm”. Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədr müavini Eldar Qaradağlı APA-ya açıqlamasında bildirib ki, qurultaydan sonra İdarə Heyətinin yığıncağı keçirilib və Cavad Derəxti birinci, Sabir Rüstəmxanlı Azərbaycan, Mirəşrəf Fətiyev Rusiya, özü isə siyasi məsələlər üzrə müavin seçilib. O, DAK sədri Qulamrza Səbri Təbrizinin onun səlahiyyətindən kənar addım atdığı haqda açıqlamasını anlamadığını da deyib: “DAK ciddi təşkilatdır və mən də verdiyim açıqlamaları anlayıram. Bu təşkilata zərər verəcək heç bir addım atmaram. Əksinə, fəaliyyətimizin əsas istiqaməti diaspora təşkilatlarının birləşməsinə yönəlib. Eldar Qaradağlının DAK-da qarşıdurma yaratması barədə yayılan informasiyalar isə düşmən siyasətinə xidmət edir. Hər bir DAK üzvü bu məsələdə diqqətli olmalıdır”.
DAK sədrinin birinci müavini Cavad Derəxti APA-ya qurultaydan sonra İdarə Heyətinin yığıncağı keçirildiyini təsdiqləyib: “Qurultaydan sonra İdarə Heyətinin toplantısı olub və burada mən sədrin birinci, Eldar Qaradağlı isə siyasi məsələlər üzrə müavin seçilib. İdarə Heyətində seçki keçirilmədən heç kim vəzifədən kənarlaşdırıla bilməz. Sədr yalnız İdarə Heyətində təkliflə çıxış edə bilər. Digər tərəfdən, köhnə dostlarla münasibətləri korlamaq olmaz”.
DAK sədri Qulamrza Səbri Təbrizi isə A. Qaradağlının və C. Derəxtinin fikirlərini təkzib edərək bildirib ki, DAK İdarə Heyətinin qurultaydan sonra keçirilən ilk toplantısında heç bir vəzifə bölgüsü aparılmayıb. O, ümumiyyətlə, DAK-da siyasi müavin vəzifəsinin ləğv edildiyini vurğulayıb: “DAK diaspor təşkilatıdır. Bu qurum dünyada yaşayan azərbaycanlıların haqları ilə məşğul olmalıdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR