Sabir Rüstəmxanlı: “Türk Dövlətlərinin Parlament Assambleyasının yaradılması ilə bağlı türkdilli ölkələrin əksəriyyəti müstəqil siyasət yürütmür”

Sabir Rüstəmxanlı: “Türk Dövlətlərinin Parlament Assambleyasının yaradılması ilə bağlı türkdilli ölkələrin əksəriyyəti müstəqil siyasət yürütmür”
# 02 oktyabr 2007 14:08 (UTC +04:00)
“Türk Dövlətlərinin Parlament Assambleyasının yaradılması ilə bağlı türkdilli ölkələrin əksəriyyəti müstəqil siyasət yürütmür və böyük dövlətlərin rəyindən ehtiyat etdiklərinə görə bu addımı ata bilmirlər”. Milli Məclisin deputatı Sabir Rüstəmxanlı APA-ya bildirib ki, 1992-ci ilin aprelində Şimali Kipr Türk Cümhuriyyətində bu məsələ ilə bağlı türkdilli dövlətlərin parlament nümayəndələrinin toplantısı olub. Görüşdə bu kimi toplantıların mütəmadi keçirilməsi haqda razılığa gəlinib və gələcəkdə parlament assambleyasının yaradılması istiqamətində işlər görülməsi nəzərdə tutulub: “Lakin Azərbaycan və Türkiyə ilə müqayisədə digər türk dövlətləri bu məsələdə ardıcıl mövqe nümayiş etdirmədilər”. Türk dövlətlərinin siyasi iradə nümayiş etdirməsinin vacibliyini vurğulayan S.Rüstəmxanlı ilkin olaraq ictimai parlamentin yaradılmasının da mümkünlüyünü qeyd edib: “Amma bunun ardıcıllığı və dayanıqlılığı şübhə altında olacaq. Buna görə də bu məsələnin rəsmi şəkildə həyata keçirilməsini istəyirik. İctimai qurumun qərarı rəsmi xarakter daşımayacaq və onun mənəvi əhəmiyyətindən başqa bir xeyri olmayacaq”. O, məsələ ilə bağlı Qazaxıstan, Özbəkistan və Türkmənistan parlamentlərinin üzvləri ilə müzakirələr apardığını diqqətə çatdırıb və gec-tez bu məsələnin həll olunacağını bildirib.
Milli Məclisin deputatı Fazil Qəzənfəroğlu isə deyib ki, bu gün Türk Dövlətlərinin Parlament Assambleyasının formalaşdırılması istiqamətində atılacaq addımlar ciddi problemlərlə qarşılaşa bilər. O, bu məsələdə gözləməyə ehtiyac olduğunu da söyləyib: “Türk dünyasında müstəqil parlamentarizm sistemi formalaşandan və demokratik ab-hava yaranandan sonra belə assambleyanın yaradılması mümkündür. Qurumun ictimai parlament səviyyəsində formalaşdırılması isə çətindir. Məsələn, Özbəkistanda hansı ictimai qurumla bunu həyata keçirmək olar? Rəsmi formada yaradılması daha məqsədəuyğundur. Əks təqdirdə, əhəmiyyətsiz bir quruma çevriləcək”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR