Minskdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçiriləcək

Minskdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçiriləcək
# 03 oktyabr 2007 10:21 (UTC +04:00)
“Qobustan” mədəni-maarif ictimai birliyi və “Əhl əl-beyt” dini icması Minskdə inşa olunmuş yeni məsciddə azərbaycanlılar üçün iftar süfrəsi verib. APA-nın məlumatına görə, ehsan mərasimində çıxış edən Azərbaycan İcmaları Konqresinin sədr müavini Baxşı Qəmbərov diasporumuzun gördüyü işlər, inkişaf strategiyaları, həyata keçirilən tədbirlər barədə məlumat verib. O, müqəddəs Ramazan bayramında soydaşlarımıza müvəffəqiyyət və birlik arzulayıb. “Qobustan” mədəni-maarif ictimai birliyi oktyabrda Azərbaycanın Müstəqillik günü münasibətilə bir sıra tədbirlər keçirməyə hazırlaşır. Bu tarix ərəfəsində həmçinin qurumun təsis olunmasının 18 ili tamam olur. Bu münasibətlə Minskin “Juravinka” restoranında keçiriləcək tədbirdə “Qobustan” mədəni-maarif ictimai birliyinin üzvlərinə diplomlar, təşəkkür məktubu, mükafat və fəxri fərmanların verilməsi mərasimi keçiriləcək. Oktyabrın 19-da isə birliyin dəvəti ilə Azərbaycanın xalq artisti Niyaməddin Musayev “Röya” ansamblının müşayiəti ilə Minskdə konsert verəcək. Artıq dünəndən başlayaraq Belarus telekanalları ilə konsert proqramına həsr olunmuş reklam roliki nümayiş etdirilir. Bütün bunlarla yanaşı “Qobustan” mədəni-maarif ictimai birliyi “Qobustan” adlı jurnalın nəşrini və internet-saytın hazırlanmasını planlaşdırır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR