Karnegi İnstitutunda Azərbaycan muğam ifaçılarının konserti olub

Karnegi İnstitutunda Azərbaycan muğam ifaçılarının konserti olub
# 04 oktyabr 2007 08:46 (UTC +04:00)
Azərbaycanın gənc muğam ifaçıları dünən Vaşinqtonun Karnegi İnstitutunda konsert proqramı ilə çıxış ediblər. APA-nın ABŞ bürosunun məlumatına görə, Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə baş tutan konsertin əvvəlində bəstəkar Səyavuş Kərimi muğamın tarixi və hazırda muğamın inkişafı üçün ölkəmizdə görülən işlər haqqında qısa məlumat verib. Xanəndələr Bəyimxanım Mirzəyeva və Təyyar Bayramovun ifasında “Mənim Azərbaycanım”, “İrəvanda xal qalmadı”, “Bana-bana gəl”, “Sarı gəlin”, “Qarabağ şikəstəsi” və digər mahnıları dinləmək imkanı qazanıblar. Azərbaycanın əməkdar artistləri tarzən Elçin Həşimov və kamançaçalan Elnur Əhmədovun ifalarını xüsusi heyranlıqla qarşılanıb. Konsert proqramı bitdikdən sonra tamaşaçıların sürəkli alqışları nəticəsində musiqiçilər 2 dəfə yenidən səhnəyə qayıdaraq yeni musiqi parçaları ifa ediblər. Konsertdən əvvəl tamaşaçılara Azərbaycan Mədəniyyətinin Dostları Fondunun nəşr etdirdiyi “Muğam” jurnalı paylanıb. Tədbirdə Azərbaycanın Vaşinqtondakı diasporunun üzvləri ilə yanaşı, diplomatik korpusun və ABŞ-ın hökumət və qeyri-hökumət təşkilatlarının çoxsaylı nümayəndələri iştirak ediblər. İncəsənət ustalarının ABŞ-a səfəri Dövlət Departamentinin “Mədəni müxtəliflik” mübadilə proqramı çərcivəsində həyata keçirilir. Nümayəndə heyətinin səfər proqramına Vaşinqtondan əlavə, Blufild (Qərbi Virciniya ştatı), Sietl (Vaşinqton ştatı), Santa Fe (Nyu-Meksiko ştatı), Nyu-Orlean (Luiziana ştatı) və Nyu-York (Nyu-York ştatı) şəhərlərində müxtəlif ikitərəfli görüşlər və mədəni tədbirlər daxildir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR