Nitsada Xocalı soyqırımı ilə bağlı anım konserti keçirilib

Nitsada Xocalı soyqırımı ilə bağlı anım konserti keçirilib
# 24 fevral 2022 16:14 (UTC +04:00)

Fransanın Nitsa (Nice) şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım konserti keçirilib. Konsert Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Komitədən APA-ya bildirilib ki, tədbirdə Fransanın Şarant bölgəsinin deputatı, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lamber, Turkiyənin Marsel şəhərində baş konsulu Arda Ulutaş, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun və türk assosiasiyalarının nümayəndələri iştirak ediblər.

Konsert öncəsi çıxış edən Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lamber tamaşaçılara Xocalı soyqırımı haqqında məlumat verib. O, təəssüflə bildirib ki, Qərbi Avropa əhalisinin bu faciə haqqında, ümumiyyətlə, Ermənistan və Azərbaycan münaqişəsi barədə məlumatı azdır. Fransız siyasətçi Xocalı soyqırımını 1944-ci ildə Fransanın Oradour şəhərində baş verən, 643 kəndlinin qətlimına səbəb olan faciə və Vyetnam müharibəsi zamanı 1968-ci ildə Amerika batalyonu tərəfindən törədilən və 500-dən çox qurbana səbəb olan My Lai qətliamı ilə muqayisə edib.

“Bu qırğınlar müharibənin silinməz cinayəti kimi yaddaşlarda iz buraxıb. Xocalı qətliamı da Azərbaycan tarixində silinməz faciə olaraq qalır. Bu vəhşicəsinə törədilmiş cinayətin icraçıları da Oradour və My Lai qətliamlarını törədənlər və məsuliyyət daşıyanlar kimi mühakimə edilməli və qınanılmalıdır. Bu qan yaddaşı silinə bilməz və silinməməlidir. Çünki sülh ancaq həqiqət və ədalətin bərqərar olması nəticəsində qurula bilər!”, - deyə J.Lamber nəzərə çatdırıb.

Anım gecəsində iştirak edən bəstəkar Pyer Tilua ölkəmizlə onu baglayan 20 illik dostluq munasibətlərindən, Xocalı əsərinin yaranmasından, bu faciəvi hadisənin onun üçün nə dərəcədə muhum olmasından danışıb. Azərbaycana çoxsaylı səfərləri zamanı milli musiqimizə və mədəniyyətimizə heyran qaldığını bildirən bəstəkar qeyd edib ki, dostlarının sevincinə də, kədərinə də şərikdir. Xocalı faciəsi, umumiyyətlə, Azərbaycan tarixinin bu qaranlıq dövrü ona çox təsir edib. Buna görə də bəstələdiyi əsər vasitəsilə bu kədəri bölüşmək, soyqırımı qurbanlarına ehtiramını ifadə etmək istəyib. Bununla da beynəlxalq ictimai rəyi tarixdə əks-səda doğuran, lakin qulaqbatırıcı bir sükutla qarşılanan faktla üz-üzə qoymağa çalışır.

Sonra Azərbaycan və dünya bəstəkarları Fikrət Əmirov, Qara Qarayev, Granado və Barberin, eləcə də fransız bəstəkar Pyer Tiluanin solo skripka, klarnet və simli kvartet üçün bəstələdiyi "Xocalı 613" kompozisiyası ifa olunub.

Xocalı soyqırımı barədə məlumatlar və konsert proqramı konsert iştirakçılarının boyuk marağına səbəb olub.

Tədbir çərçivəsində tamaşaçılara Heydər Əliyev Fondunun dəstəyi ilə Xocali soyqırımı həqiqətləri barədə dərc olunan materiallar və “Xocali 613” əsərinin diskləri paylanılıb.

Qeyd edək ki, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş “Xocalı 613” əsərinin ilk təqdimatı 21 fevral 2013-cü ildə Parisin Müqəddəs Roş kilsəsində baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR