Avrokuboklar tarixinin unikal göstəricisi təkrarlanmağa yaxındır

Avrokuboklar tarixinin unikal göstəricisi təkrarlanmağa yaxındır
# 19 may 2023 11:40 (UTC +04:00)

Avrokuboklar tarixinin unikal göstəricisi təkrarlanmağa yaxındır.

Apasport.az saytının məlumatına görə, qitə miqyaslı üç klub turnirinin hamısını eyni ölkə təmsilçiləri qazana bilər.

Bu uğura İtaliya komandalarının imza atmaq ehtimalı yaranıb. A seriyası klubları Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında kubokun bir addımlığındadır.

“İnter” qitənin ən nüfuzlu klub turnirində “Mançester Siti” ilə görüşəcək. İkinci dərəcəli turnirdə mübarizə aparan “Roma” “Sevilya” ilə qarşılaşacaq. Romalıların ötən il qazandığı Konfrans Liqasında isə “Fiorentina” “Vest Hem”lə üz-üzə gələcək.

Bir sözlə, final matçlarında iki İtaliya – İngiltərə, bir İtaliya – İspaniya dueli olacaq. Hər üç oyunda Apennin təmsilçiləri qalib gəlsə, “qızıl tripl” gerçəkləşəcək.

Belə uğur İtaliya üçün ilk deyil. 1990-cı ildə də A seriyası komandaları üç avrokuboku başı üzərinə qaldırıb. 33 il əvvəl "Milan" Çempionlar Liqasında, “Sampdoriya” Kuboklar kubokunda, “Yuventus” isə UEFA kubokunda hamıdan güclü olub. Sonuncular finalda da İtaliya klubuna – “Fiorentina”ya qalib gəlib.

Qeyd edək ki, final oyunları mayın 31-də (Avropa Liqası), iyunun 7-də (Konfrans Liqası) və 10-da (Çempionlar Liqası) keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR