"Lotu Quli"nin qətlinə görə tutulan avtoritet: "Nadiri mən öldürməmişəm" - MƏHKƏMƏ

"Lotu Quli"nin qətlinə görə tutulan avtoritet: "Nadiri mən öldürməmişəm" - MƏHKƏMƏ
# 18 noyabr 2022 17:31 (UTC +04:00)

Türkiyədə kriminal aləmdə “Lotu Quli” ləqəbli Nadir Səlifovu qətlə yetirməkdə təqsirli bilinən Xaqan Zeynalov (Xan Bakinski) və Əmir Həmidlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, təqsirləndirilən şəxslər barəsində ittiham aktı elan olunub.

Hər iki təqsirləndirilən şəxs ittihamları qəbul etməyib.

Məhkəmədə ifadə verən Xan Bakinski bildirib ki, “Lotu Quli”ni o qətlə yetirməyib: “Nadir mənim yaxın dostum idi. Türkiyəyə də özü məni çağırmışdı. Hoteldə olan zaman mübahisə düşdü. Moskvada olan bir iş adamının qaçırmağımı istədi, razılaşmadım. Nadir əsəbiləşərək yumruqla məni vurdu. Həmin vaxtı otaqda 8 nəfər var idi. Hamısı da silahlı idi. Biz dalaşanda mənə atəş açdılar. Mən də özümü qorumaq üçün silahı çəkib sol tərəfə atəş açdım. Nadir sağ tərəfdə durmuşdu”.

O, bu qətlə görə pul alması barədə deyilənləri qəbul etməyib: “Nadir Səlifovu öldürmək üçün 4 milyon dollar aldığım barədə deyilənlər yalandır. Nadiri mən vurmadım. Polislər mənə təzyiq etdi. Həmin vaxt tərcüməçi olmadığı üçün ifadələri başa düşmürdüm və qəbul etməyə məcbur oldum”.

Prosesdə Əmir Həmidli də ifadə verərək ittihamları rədd edib. O bildirib ki, Xanımnisə Məmmədova adlı qadınla istirahət üçün Türkiyəyə gəlib: “Xanımnisə Məmmədova eskort qadın idi. Türkiyədə birlikdə istirahət etmək üçün 500 dollara razılaşdıq. Əvvəlcə İstanbulda bir dostumuzun evində qaldıq. Sonra Antalyaya gəldik. Hoteldə köhnə dostum Xaqanla qarşılaşdım. İstanbuldan icarəyə götürdüyüm avtomobili ayın 20-də çatdırmalı idim, Xaqan ayın 19-da İstanbula gedəcəyini bildirdi. Mənə birlikdə getməyi təklif etdi, mən də razılaşdım.

Yeri gəlmişkən, Xanmnisə Məmmədova mənim bəzi davranışlarıma qarışdığından onunla mübahisə edib, pulunu verib göndərmişəm. Bu hadisə baş verən gecə mən Xaqanı götürməyə gəldim, Xaqan qaçaraq gəldi. Dedi ki, Nadirlə mübahisə etdik, sür, məni öldürəcəklər. Antalyanın çıxışında yanacaqdoldurma məntəqəsində saxlandıq. Xaqan yaralı idi, kürəyindən qan axırdı. Tampon hazırladım. Dedim ki, xəstəxanaya gedək, rədd etdi. Polis bizi Dənizlidə saxladı. Sonradan təzyiqlər etdilər”.

Qeyd edək ki, Nadir Səlifov 2020-ci il avqust ayında Antalyada yerləşən hotellərin birində öldürülüb. Onun ölümü ilə bağlı Xaqan Zeynalov və Əmir Həmidli tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR