“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) üzrə 2022-ci ildə yükdaşıma həcminin artımı ilə bağlı tranzit daşımaları 2,9 mln. ton artaraq 7,5 mln. ton, ümumi daşıma 3,7 mln. ton artaraq 18,7 mln. ton təşkil edib.
ADY-dən “APA-Economics”ə verilən məlumata görə, yük daşımalarında əsasən neft məhsulları, kimyəvi və mineral gübrələr, tikinti materialları, daş kömür kimi yük növləri üzrə artım müşahidə olunub.
Tranzit daşımaları sahəsində regionun aparıcı tərəfdaşına çevrilməyi qarşısına hədəf qoyan ADY 2022-ci ildə bu sahədə dönüş nöqtəsi yarada bilib. Belə ki, 2021-ci illə müqayisədə Şərq-Qərb dəhlizi üzrə yükdaşımalar 500 min ton artaraq 3,9 mln. ton, Şimal-Qərb dəhlizi ilə 2 mln ton artaraq 2,9 mln. ton olub. Şimal-Cənub dəhlizi ilə yükdaşımalarda 90% artım qeydə alınıb. Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə daşımalarda artım isə 41% təşkil edib.
Sərnişin daşımaları üzrə keyfiyyətli xidmətlərin göstərilməsi, əhalinin sərfəli qiymətlərlə, rahat, sürətli və təhlükəsiz daşınmasının təmin edilməsi, stansiyalar və sərnişin vağzallarının infrastrukturunun müasir üslubda yenilənməsi sahəsində bir sıra layihələr həyata keçirilib.
2022-ci ildə ölkə üzrə dəmir yolu ilə sərnişin daşınmalarında son on ilin ən yüksək göstəricisi əldə olunub. Belə ki, il ərzində 5 mln. 136 min sərnişin daşınmışdır. Bu, 2021-ci illə müqayisədə 84% çoxdur. Bu göstəricinin böyük bir hissəsi (5 milyon 8 min) Abşeron dairəvi dəmir yolu xətti üzrə daşımalara aiddir. O cümlədən, ötən il Bakı-Gəncə-Bakı istiqamətində hərəkətin bərpası təmin edilmiş, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə əlavə qatarlar xəttə buraxılıb.
Qeyd edək ki, pandemiyadan əvvəl - 2019-cu ildə Azərbaycan dəmir yolu ilə yerli və beynəlxalq istiqamətlərdə ümumilikdə 3 875 729 sərnişin daşınıb.
ADY nəqliyyat sektorunda müşahidə olunan tıxacların aradan qaldırılmasına önəmli töhfə verməklə yanaşı, sərnişin məmnunluğunun təmin edilməsində də böyük rolu olmuşdur. İnsanlar ekoloji təmiz, sürətli və müasir standartlara cavab verən elektrik qatarlarından istifadəyə üstünlük verərək mənzil başına vaxtında və təhlükəsiz çatdırılıb.
ADY sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər çərçivəsində əməkdaşlar, sərnişinlər, podratçılar və biznes müştəriləri üçün təhlükəsiz mühitin yaradılması istiqamətində bir sıra ciddi addımlar atmış, dəmir yolu xətlərinə yaxın ərazilərdə yerləşən yaşayış massivlərində və orta məktəblərdə əhalinin maarifləndirilməsi məqsədilə təbliğat və təşviqat kampaniyaları həyata keçirilib.
İl ərzində hərəkət tərkibinin yenilənməsi və ya əsaslı təmir olunması istiqamətində də böyük həcmli işlər görülmüş, belə ki, 10 ədəd FLIRT tipli sərnişin qatarlarının alınması üzrə imzalanmış müqaviləyə əsasən qatarların 2023-2024-cü illərdə Bakıya çatdırılması planlaşdırılnışdır. Yeni qatarlar Abşeron dairəvi dəmir yolu və regionlar üzrə sərnişin daşımalarının daha intensiv və keyfiyyətli təşkil olunmasına önəmli töhfə verəcək.
Eyni zamanda tranzit yükdaşımaları sahəsində artan tələbatı qarşılamaq məqsədilə 605 ədəd konteyner platformasının alınması üzrə satınalma prosesinə start verilmib. Bununla yanaşı, tranzit yük daşımalarını təmin etmək üçün yetərli sayda magistral və manevr lokomotivlərinin alınması və əsaslı təmiri istiqamətində bir sıra vacib qərarlar qəbul olunub.