Füzulidə subartezian quyuları əhalinin istifadəsinə verilir

Füzulidə subartezian quyuları əhalinin istifadəsinə verilir
# 07 sentyabr 2022 09:20 (UTC +04:00)

Füzuli rayonunda yaşayan fermerləri suvarma suyu ilə təmin etmək üçün hər il yeni layihələr icra edilir.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, suvarma suyunun əkin sahələrinə maneəsiz və itkisiz çatdırılması üçün idarə tərəfindən bu il torpaq məcralı kanalda beton işlərinə start verilib. Uzunluğu 24 km-ə yaxın olan "Qurultay" suvarma kanalı hər il beton üzlüklə təmin olunur. Hazırda kanalda beton işlərinə hazırlıq gedir.

Füzuli Suvarma Sistemləri İdarəsinin balansında ümumi uzunluğu 1371 km olan suvarma şəbəkəsi mövcuddur. Bundan 744 km-i açıq tipli, 626 km-i isə qapalı tipli şəbəkədir. Bundan başqa idarə 261 km-dən artıq kollektor drenaj şəbəkəsinə də xidmət edir. 2022- ci ildə həmin şəbəkənin 31 km-dən uzun olan hissəsinin lildən təmizlənməsi planlaşdırılıb ki, artıq indiyə qədər 17 km-i lildən təmizlənib. Quruçay selliyinin Böyük Bəhmənli kənd ərazisində isə 4 km uzunluqda ərazi lildən təmizlənib. Füzuli rayonunda son illər əhalinin suvarma və içməli suya olan tələbatının ödənilməsi məqsədilə yeni subartezian quyularının da qazılması davam edir. Bununla yanaşı nasaz vəziyyətdə olan quyular da təmir olunaraq yenidən istismara verilir.

Qeyd edək ki, Füzuli Suvarma Sistemləri İdarəsi 27200 ha suvarılan əraziyə xidmət edir. Əsas su mənbələri mənbəyini Araz çayından götürən Baş Mil kanalı,Yuxarı Mil kanalı və Köndələnçaydır. 2022-ci ildə idarənin xidməti ərazisində 12928 ha payızlıq dənli bitkilər əkilib, tam şəkildə suvarma işləri aparılıb və yüksək məhsuldarlıq alınıb. Hazırda 8000 ha-dan yuxarı yem bitkiləri, o cümlədən yonca və digər bitkilərin suvarma işləri davam etdirilir. Bu il eyni zamanda rayon ərazisində 400 ha pambıq, 258 ha isə şəkər çuğunduru əkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR