AMB siyasətini dəyişməyəcək - PROQNOZ

AMB siyasətini dəyişməyəcək - <span style="color: red;">PROQNOZ
# 20 oktyabr 2016 11:03 (UTC +04:00)

Böyük ehtimalla, Avropa Mərkəzi Bankı (AMB) bu gün keçiriləcək iclasda pul-kredit siyasətini dəyişməz saxlayacaq. Bununla, AMB kəmiyyət yumşaldılması proqramını (QE) da qoruyacaq. Başqa sözlə, tənzimləyici Avrozona iqtisadiyyatına dəstək məqsədilə hər ay 80 mlrd. avro həcmində aktivlərin alışını davam etdirəcək. Ən azından QE proqramı 2017-ci ilin mart ayının sonunadək dəyişməz saxlanacaq.

Maraqlıdır ki, investorlar daha çox hadisələrin gələcək perspektivdə necə inkişaf edəcəyindən narahatdır. Bazar iştirakçılarının əksəriyyəti ehtiyat edir ki, illərdir misilsiz stimullaşdırıcı siyasətin yürüdülməsi nəticəsində inflyasiyaya dəstək verməli olan dünya mərkəzi banklarının imkanlarını zəifləyib.

Beləliklə, bugünkü iclasdan sonra keçiriləcək mətbuat konfransında AMB-nin prezidenti Mario Draqi xeyli tər tökməli olacaq. Ən azından "Super Mario" investorları inandırmalıdır ki, onun rəhbərlik etdiyi tənzimləyici QE proqramını genişləndirə bilər.

AMB-nin bəzi nümayəndələri son zamanlar dəfələrlə bəyan ediblər ki, stimullaşdırıcı tədbirlərin əks effektini diqqətlə izləyirlər. Hər kəsə məlumdur ki, mənfi faiz dərəcələrinə əsaslanan siyasət Avropa banklarının mənfəətinə neqativ təsir edib.

Bu ayın əvvəlində "Bloomberg" agentliyi öz mənbələrinə istinadən yazıb ki, AMB QE proqramı çərçivəsində hər ay alınan aktivlərin həcmini azalda bilər. Bu isə bazarda ciddi çalxalanmaya səbəb oldu. AMB rəsmiləri tərəfindən yayılan informasiyanın təkzib olunmasına baxmayaraq, Avrozona ölkələrinin dövlət istiqrazlarının gəlirliliyi artdı və həmin səviyyədə qaldı.

Cari ilin mart ayında AMB hər 3 əsas faiz dərəcəsini endirib, QE proqramı çərçivəsində hər ay alınan aktivlərin həcmini 60 mlrd. avrodan 80 mlrd. avroyadək artırılıb. AMB rəhbərliyi hesab edirdi ki, bu cür addımlarla kredit qoyuluşlarının, yeni zamanda iqtisadiyyatın və inflyasiyanın artırılmasına nail olmaq olar. Lakin hadisələrin sonrakı gedişatı onu göstərdi ki, Avrozonada iqtisadi artım aşağı səviyyədə, inflyasiya isə 2%-lik hədəf göstəricisindən uzaqda qaldı. İqtisadçıların əksəriyyəti hesab edir ki, AMB QE proqramı çərçivəsində qiymətli kağızların alışını davam etdirəcək. Ehtimal olunur ki, qarşıdakı 6 ay ərzində 500 mlrd. avro həcmində aktiv alınacaq. Bəzi analitiklər isə hesab edir ki, AMB aktivlərin alışına dair tələbləri yumşaldacaq.

Hazırda AMB-nin ekspertləri QE proqramına yenidən baxır. Ehtimal olunur ki, tədqiqatların nəticələri dekabrda təqdim olunacaq. Bu səbəbdən proqnoz vermək olar ki, AMB siyasətin dəyişməsi barədə istənilən qərarı dekabrın 8-də keçiriləcək iclasadək təxirə salacaq.

AMB keçirdiyi son 4 iclasda pul-kredit siyasətini dəyişməz saxlayır. Uçot dərəcəsi hələlik 0%, depozitlər üzrə dərəcə isə mənfi 0,4% səviyyəsində qalır.

İlkin Əhmədov, APA Analitik Mərkəzi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR