İnflyasiyanı azaltmaq üçün iqtisadiyyatı daraltmaq - TƏHLİL

İnflyasiyanı azaltmaq üçün iqtisadiyyatı daraltmaq  - <span style="color: red;">TƏHLİL
# 29 avqust 2016 11:21 (UTC +04:00)

İyunun əvvəlindən ucuzlaşmağa başlayan manat dəyərdən düşməkdədir və bu günə manatın məzənnəsi dollara və avroya qarşı düz 5 aylıq minimuma çatıb. Əyani olaraq, bu aşağıdakı cədvəllərdə görünür:

Ölkədə üzən məzənnə siyasəti tətbiq ediləndən sonra xarici valyutaların (əsasən, dollar, sonra avro) məzənnəsi daxili təklif və tələbatın tarazlığı amilindən asılı formalaşır. Azərbaycan Mərkəzi Bankı daim vurğulayır ki, manatın məzənnəsinin müəyyən/təyin edilməsi yalnız daxili amillərdən asılıdır, xarici amillərin təsiri minimuma endirilib. Lakin obyektivlik onu deməyi tələb edir ki, bütün inkişafda olan ölkələrdə valyuta siyasəti xarici amillərdən tam olmasa da, müəyyən dərəcədə asılıdır. O cümlədən, neft ixracatçısı olan ölkələrin bütün iqtisadiyyatı kimi valyuta siyasəti də neftin satışından və neftin qiymətindən asılı olur. Çünki, bu amil nəticəsində ölkəyə külli miqdarda dollar daxil olur və valyuta bazarında təklifə təsir edir. Neft baha olduğu dövrdə neft ixracatçı ölkələrdə nə ümumi iqtisadi, nə valyuta siyasətində problemlər olmayıb, çünki neftin satışından ölkəyə daxil olan dollar kütləsi tələbatı tam təmin edirdi, hətta valyuta ehtiyatların toplamasına imkan verirdi. Hazırda vəziyyət çox fərqlidir və tələbat yüksək səviyyədə qaldığı halda təklif azalıb. Nəticədə, məsələn, Rusiyada rublun neftin qiymətindən asılılığı hamı tərəfindən etiraf edilir və neft bahalaşanda rubl da möhkəmlənir. Azərbaycanda Mərkəzi Bank manat üzrə belə təsiri və asılılığı inkar edir. Bəlkə də haqlı olaraq... Çünki aşağıdakı cədvəl onu göstərir ki, neftin qiyməti manatın məzənnəsinə yalnız nisbi təsir edir.

Göründüyü kimi, avqustun əvvəlində neftin bahalaşması başlayıb və hələ də davam edir, amma həmin dövrdə manat ucuzlaşmaqda davam edib. Belə asılılığın olmamasına sevinmək olmaz, çünki bu, makroiqtisadiyyatda problemlərin daha ciddi, mürəkkəb və dərin olduğunu göstərir.

Pul-kredit siyasəti

Avqustun əvvəlində Mərkəzi Bank uçot dərəcəsini 7%-dən 9,5%-dək qaldırıb. Uçot dərəcəsinin qaldırılması pul-kredit siyasətinin sərtləşdirilməsi deməkdir, çünki ilk növbədə həmin dərəcə mərkəzləşdirilmiş kreditləşmədə əsas faiz dərəcəsidir və pul kütləsinin tənzimlənməsinin, makroiqtisadi idarəetmənin əsas alətlərindən biridir. Uçot dərəcəsinin qaldırılması onunla nəticələnir ki, banklar Mərkəzi Bankdan krediti daha baha götürür, nəticədə maliyyə-kredit bazarında vəsaitlərin dəyəri qalxır, borcalma bahalaşır və ümumilikdə pul-kredit siyasəti sərtləşdirilir. Bu addım əksər hallarda iqtisadiyyatda pul kütləsinin artıq, inflyasiyanın yüksək olduğu şəraitdə atılır. Azərbaycanda hazırda yüksək inflyasiya müşahidə olunur – yanvar-iyul aylarında illik inflyasiya 10,6% təşkil edib və pul-kredit siyasətinin sərtləşdirilməsi ilk növbədə inflyasiyanın aşağı salınmasına istiqamətləndirilir.

Amma bu efemer məqsəd çox baha başa gələ bilər. Belə ki, sərt pul-kredit siyasətindən istifadə edərək inflyasiyanın azaldılması iqtisadiyyatda pul kütləsinin azaldılması, borcalma vəsaitlərin bahalaşdırılması, nəticədə investisiyaların daraldılması kimi addımların hesabına həyata keçirilir. Yekunda isə inflyasiyanın azaldılması işgüzar fəallığın azalması hesabına həyata keçirilmiş olur. Bəzi mütəxəssislər hesab edir ki, inflyasiya ilə bu cür mübarizə ölkə inkişafına ciddi zərbə vurur, hətta ölkəni inkişafdan bir neçə il geriyə ata bilər. Fikrimizcə, 10 faizlik inflyasiya o dərəcədə yüksək göstərici deyil ki, onun azaldılması üçün bütün iqtisadi nailiyyətlər qurban verilsin. Hətta onu da qeyd etmək lazımdır ki, sözügedən tədbirlər, pul-kredit siyasətin sərtləşdirilməsi ən yaxşı halda inflyasiyanın yalnız monetar amillərinə müsbət təsir edə bilər, amma Azərbaycanda inflyasiyanın daha çox qeyri-monetar amillərdən asılı olduğu barədə danışmayan qalmayıb.

Mərkəzi Bankın görüldüyü işlər nə idxalı ucuzlaşdıracaq, nə qiymətlərin süni qaldırılmasına son qoyacaq, nə sahibkarlığa inzibati maneələri aradan qaldıracaq, nə də digər qeyri-monetar amilləri yox edəcək. İnflyasiyanı tək Mərkəzi Bankın səyləri ilə salmaq mümkün olmayacaq. Amma atılan addımların mənfi nəticələri özünü çox gözlətməyəcək: bütün dünyada iqtisadi problemləri ilə mübarizə pul-kredit siyasətin son dərəcədə yumşaldılması yolu ilə aparıldığı bir vaxtda Azərbaycan Mərkəzi Bankı iqtisadiyyatı daraltmağa məcburdur, çünki üzərinə inflyasiyanın azaldılması vəzifəsi qoyulub. Hazırda dünyanın bir sıra ölkələrində və Avrozonada dövlət istiqrazları üzrə mənfi gəlirlik müşahidə olunur, bir neçəsində dövlət iqtisadiyyata əlavə pul vəsaitləri buraxır. Birinci fakt onu göstərir ki, banklar üçün dövlət istiqrazlarını almaq sərfəli deyil. Məqsəd isə odur ki, banklar vəsaitlərini qiymətli kağızların alınmasına deyil, kreditləşmə və investisiyalara yönəltsin. İkinci isə aydındır və əlavə şərhlərə ehtiyac yoxdur. Hər iki tədbir iqtisadiyyatda canlanmaya istiqamətlənir. Azərbaycanda isə hadisələr geriləməyə doğru gedir.

Qeyd edək ki, uçot dərəcəsinin qaldırılmasından başqa Mərkəzi Bank birbaşa pul kütləsini yığışdırmaq addımları da atır. Belə ki, Mərkəzi Bank depozit hərracları keçirir və həmin hərraclar vasitəsi ilə banklardan əlavə likvidliyi götürür. Nəticədə, Azərbaycanda paradoksal, anormal vəziyyət yaranıb: depozit hərracları vasitəsi ilə Mərkəzi Bank tərəfindən banklardan alınan vəsaitlər üzrə gəlirlik bank depozitlərinin gəlirliyindən yüksəkdir. Belə ki, avqustun 15-də keçirilən son depozit hərracında vəsaitlər illik 9,49% faizlə cəlb edilib, hüquqi şəxslərin depozitlərin orta faiz dərəcəsi 5,57%, fiziki şəxslərin əmanətləri üzrə orta faiz dərəcəsi isə 9,04% təşkil edir (Mərkəzi Bankın iyulun 1-nə olan son statistika göstəriciləri).

Ümumilikdə demək olar ki, Mərkəzi Bank tərəfindən məcburiyyət qarşısında həyata keçirdiyi siyasət, üstəlik dövlət büdcəsi xətti ilə investisiya axınının azalması iqtisadiyyatda daralmaya səbəb ola bilər. Eyni zamanda inflyasiyanın nəzərə çarpan dərəcədə azaldılması üçün güdülən məqsədə isə çatmaq olmayacaq.

Vahab Rzayev, APA Analitik Mərkəzi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR