DGK xətti ilə büdcə daxilolmaları 24,2% artıb

DGK xətti ilə büdcə daxilolmaları 24,2% artıb
# 08 iyun 2022 17:12 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 063 793,7 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,2% çoxdur.

"APA-Economics"in DGK-nın dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 13,5% artaraq 514 391,9 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 30,4% artaraq 1 472 598,6 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk beş ayında daxilolmalar 14% azalaraq 53 470,6 min manat təşkil edib.

Yol vergisi üzrə daxilolmaların həcmi 23 332,4 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 36,4% çoxdur.

Bu ilin may ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 422 353,1 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 21,5%, bu ilin aprel ayı ilə müqayisədə isə 3,1% çoxdur.

Bu ilin may ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 12,2% artaraq 104 110,1 min manat olub. Bu ilin aprel ayı ilə müqayisədə isə bu göstərici 3,4% azalıb.

Həmçinin, cari ilin may ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 23,8% artaraq 298 075,0 min manat (bu ilin aprel ayı ilə müqayisədə 4% çox), aksizlər üzrə 23,7% artaraq 13 612,5 min manat (aprel ilə müqayisədə 27,6% çox), yol vergisi üzrə daxilolmalar isə 2 dəfədən çox artaraq 6 555,6 min manat (aprel ilə müqayisədə 41,2% çox) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR