Azərbaycan Hesablama Palatası tərəfindən 2023-cü ilin iş planına uyğun olaraq cari ilin fevral ayının 1-dən nəzarət tədbirləri aparılmasına başlanacaq.
Bunu APA-ya açıqlamasında, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Palata sədri deyib ki, nəzarət tədbirlərinin iş planına salınması 5 əsas prinsip üzərində qurulub: "Birincisi, büdcənin icrasına nəzarət tədbirləridir. Bilirsiniz ki, may ayında büdcənin icrası məsələsi gündəmdə olacaq. İkincisi, dövlət satınalmalarına nəzarət tədbirləridir. Üçüncüsü, təqribən 5 nəzarət tədbiri səmərəlilik auditi üzərində qurulacaq. Dördüncü əsas prinsipimiz, büdcənin icrasını maliyyə hesabatları üzərindən həyata keçirmək istəyirik. Bu il ilk sınaq ili olacaq. Buna nə dərəcədə nail olacağıq, bunu zaman və resurslarımız götərəcək. Beşincisi isə, nəzarət tədbirlərinin nəzarət audit obyekləri və yaxud mövzuları üzrə olacaq. İş planına il ərzində əlavə dəyişikliklər də edilə bilər. Dəyişikliklər əsasən, Milli Məclisə, hüquq-mühafizə orqanlarına müraciətlər əsasında, həmçinin Palatanın dövlət auditorları tərəfindən aparılan analitik təhlil işlərinin nəticəsində edilə bilər".
V. Gülməmmədov onu da qeyd edib ki, bu il ərzində təqribən 45 yeni nəzarət tədbirləri nəzərdə tutulur.