“İnkişaf üçün maliyyə“ bank olmayan kredit təşkilatı(BOKT) 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “İnkişaf üçün Maliyyə“ MMC-nin xalis mənfəəti 2021-ci illə müqayisədə 4.4 dəfə artaraq 1 milyon 69.6 min manat təşkil edib. 2021-ci ildə təşkilat 243.6 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə təşkilatın kredit portfeli əvvəlki illə müqayisədə 27.9% artaraq 8 milyon 827.5 min manat, faiz gəlirləri isə 24.8% artaraq 2 milyon 395,5 min manat təşkil edib.
2022-ci ildə “İnkişaf üçün Maliyyə“ BOKT-un cəmi aktivləri illik müqayisədə 23% artaraq 9 milyon 423.5 min manata, cəmi öhdəlikləri isə 31.5% artaraq 2 milyon 892,9 min manata yüksəlib.
2023-cü ilin yanvar ayının 1-nə təşkilatın cəmi kapitalı 6 milyon 530,6 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 19.6% çoxdur.
Qeyd edək ki, 11 filialı və 84 əməkdaşı olan “İnkişaf üçün maliyyə” BOKT-un səhmlərinin 100%-i Oksfam beynəlxalq humanitar təşkilatına məxsusdur.