Robert Köçəryanın beynəlxalq məhkəməyə verilməsi üçün Ermənistanda 100 mindən çox imza toplanıb

Robert Köçəryanın beynəlxalq məhkəməyə verilməsi üçün Ermənistanda 100 mindən çox imza toplanıb
# 07 avqust 2008 14:04 (UTC +04:00)
İrəvan – APA. Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Haaqa Beynəlxalq Məhkəməsinə verilməsi üçün ölkə daxilində 100 mindən çox imza toplanıb. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Levon Ter-Petrosyanın başçılıq etdiyi Ümumxalq Hərəkatının nümayəndəsi David Şahnazaryan deyib. O, imzatoplama kampaniyasının davam etdiyini söyləyib. Haaqa tribunalı qarşısında iddia qaldırmağın mexanizminə də aydınlıq gətirən D. Şahnazaryan bildirib ki, bu məhkəmənin yaradılmasına dair Roma statutunu imzalayan ölkələr, BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlər, eləcə də istənilən vətəndaş və ictimai təşkilatın müraciəti əsasında həmin dövlətin prokuroru Haaqa məhkəməsində iddia qaldıra bilər. Onun sözlərinə görə, R. Köçəryanla bağlı məhz sonuncu variant seçiləcək və xüsusi bəyanat hazırlanaraq toplanmış imzalarla birlikdə Ermənistan Prokurorluğuna təqdim ediləcək.
Qeyd edək ki, martın 1-də İrəvanda baş vermiş qanlı hadisələrdə R. Köçəryanı günahlandıran müxalifət onun beynəlxalq məhkəməyə verilməsi üçün iyulun 14-də imzatoplama kampaniyasına başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR