Gürcüstan Cənubi Osetiyanı nəzarətinə qaytarmaq üçün hərbi əməliyyata başlayıb

Gürcüstan Cənubi Osetiyanı nəzarətinə qaytarmaq üçün hərbi əməliyyata başlayıb
# 08 avqust 2008 07:49 (UTC +04:00)
APA-nın məlumatına görə, avqustun 7-dən 8-nə keçən gecə, yerli vaxtla saat 00.50-də Gürcüstan xəbər agentlikləri ölkə Silahlı Qüvvələrinin Baş Qərargahının sülhməramlı əməliyyatlar üzrə komandanı, briqada generalı Mamuka Kuraşvilinin bəyanatını yayıb. M. Kuraşvili bəyanatında osetin tərəfinin sülh və sabitliyini bərpası üçün dialoqa getmədiyini və Gürcüstan hökumətinin Sxinvali regionunda Konstitusiya quruluşunun bərpası barədə qərar qəbul etdiyini bildirib. O, gürcü qoşunlarının itki vermədiyini və hər şeyin plan üzrə getdiyini söyləyib. Bir qədər sonra Gürcüstan hökuməti də yazılı bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, hökumət münaqişə zonasındakı əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə adekvat tədbirlər görmək məcburiyyətində qalıb: “Gürcüstan prezidentinin atəşin dayandırılması və sülh danışıqları barədə təkliflərinə cavab olaraq separatçılar Sxinvali ətrafındakı gürcü kəndlərinə hücum ediblər. Ölənlər və yaralananlar var. Əldə olunan məlumata görə, yüzlərlə silahlı şəxs və hərbi texnika Rusiya-Gürcüstan sərhədini keçib. Dinc əhalinin təhlükəsizliyini təmin etmək, silahlı hücumların qarşısı almaq məqsədilə Gürcüstan hakimiyyəti adekvat tədbirlər görmək məcburiyyəti qarşısında qalıb. Vəziyyətin kəskinləşməsinə baxmayaraq, Gürcüstan hökuməti bir daha münaqişənin sülh yolu ilə həllinə hazır olduğunu bildirir, separatçıları danışıqlar masası arxasına əyləşməyə çağırır”. Hökumətin bəyanatından sonra reinteqrasiya məsələləri üzrə dövlət naziri, prezidentin səlahiyyətli nümayəndəsi Temur Yakobaşvili “Rustavi-2” telekanalının birbaşa efirində Sxinvali şəhərinin hökumət qüvvələri tərəfindən mühasirəyə alındığını, saat 03.00-a olan məlumata əsasən şəhər ətrafındakı 5 kəndin nəzarətə götürüldüyünü açıqlayaraq danışıqlara hazır olduqlarını elan edib: “Telefonlarımız açıqdır. Rusiyadan və ya Qərbdən kimsə vasitəçi olmaq istəyirsə, biz dialoqa hazırıq. Biz dinc əhali arasında itkilərə yol verməmək və bölgəni silahlı quldur dəstələrindən təmizləmək üçün istənilən tərəflə danışıqlara hazırıq”. Separatçıların lideri Eduard Kokoytının harada olduğuna dair suala isə nazir belə cavab verib: “Ümid edirəm ki, harada olmalıdırsa, ordadır – yəni həbsxanada”. Gürcüstanın “İmedi” telekanalı səhər yerli vaxtla saat 08.25-də Sxinvalinin hökumət qoşunlarını nəzarətinə keçdiyi barədə xəbər yayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR