“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın biznes ortağı olan Sedrak Arustamyana məxsus əmlakların müsadirəsi ilə bağlı iddia İrəvan məhkəməsi tərəfindən qəbul edilib.
APA xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Baş Prokurorluq Arustamyana məxsus əmlakların qeyri-qanuni yolla əldə olunmasına şübhələrin olması ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində iddia qaldırmışdı.
Məlumatda deyilir ki, müsadirə edilməsi iddia olunan əmlakların arasında İrəvanın bir neçə rayonunda daşınmaz əmlaklar var ki, onların dəyəri təxminən 1.1 milyon dollardan yuxarı qiymətləndirilir.
Həmçinin “Tsupani” QSC-nin 146 min dollara yaxın dəyəri olan 33 334 səhminin də müsadirə olunacağı gözlənilir.
Xatırladaq ki, Arustamyan 2020-ci ilin aprelində Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsinin icrası zamanı vəzifəsindən sui-istifadə və mənimsəmə halları ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib, elə həmin ilin dekabrında məhkəmə onu zaminə buraxıb.