Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsinin iclası keçirilib

Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsinin iclası keçirilib
# 21 aprel 2007 12:12 (UTC +04:00)
APA-nın məlumatına görə, komitəyə hüquq müdafiəçiləri, baş redaktorlar, QHT rəhbərləri və partiya sədrləri daxildir. Qəzetin şef-redaktoru Şahvələd Çobanoğlu baş redaktorun həbsinə baxmayaraq, istənlən halda “Gündəlik Azərbaycan” qəzetinin fəaliyyətini dayandırmayacağını deyib. Buna baxmayaraq, o, “Realnıy Azərbaydjan” qəzetinin nəşrinin dayanması ehtimalının olduğunu qeyd edib. Müsavat başqanı İsa Qəmbər E. Fətullayevin azad edilməsi ilə bağlı mümkün addımların atılmasını və bu işdə Müsavat Partiyasının komitənin yanında olacağını qeyd edib. Komitənin sədri Arzu Abdullayeva yaxın günlərdə E. Fətullayevin həbsində rolu olan Tatyana Çaladzenin fəaliyyəti ilə bağlı geniş məlumat yayacaqlarını bildirib. E. Fətullayevin vəkili İsaxan Aşurov E. Fətullayevə həbs hökmü vermiş hakimlərin səlahiyyət müddətinin 2005-ci ildə başa çatdığını da qeyd edib. Komitənin üzvü Eldar Namazov isə komitə üzvlərini hər iki qəzetin fəaliyyətinin dayanmaması üçün bütün sahələrdə yardım etməyə çağırıb. E. Namazov mayın 3-də şəhərin 20 müxtəlif yerində piket təyin olunması təklifini də irəli sürüb.
Müzakirələr nəticəsində mayın 3-nə kimi Sabir bağında jurnalistlərin iki piketinin keçirilməsi qərara alınıb. Aprelin 24-də keçiriləcək aksiya ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib. Mayın 20-də isə komitəyə daxil olan bütün təşkilatların iştirakı ilə mitinq keçirmək qərara alınıb. Mitinqin yeri komitənin növbəti iclaslarında müəyyənləşəcək. İclasda mitinqlər, beynəlxalq qurumlar, hüquqi sahə ilə bağlı işçi qrupları yaradılıb. Komitənin işini təşkil etmək üçün quruma üzv olan şəxslərin hər birinin yaradılmış xəzinəyə ilkin olaraq 20 manat pul ödəməsi nəzərdə tutulub. İclasın sonunda baş redaktorun həbsinin pislənilməsi və onun azadlığını tələb edən bəyanat qəbul olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR