Əflatun Amaşov: “Məhkəmə-media münasibətlərinə yenidən baxılmalıdır”

Əflatun Amaşov: “Məhkəmə-media münasibətlərinə yenidən baxılmalıdır”
# 25 aprel 2007 12:19 (UTC +04:00)
“Hüquqları pozulan jurnalistlərin müdafiəsi daim diqqət mərkəzində olmalı, məhkəmə-media münasibətlərinə yenidən baxılmalıdır. Məhkəmə qərarları təsir gücünə malik olmalı, tərbiyəvi xarakter daşımamalıdır. Bundan başqa cərimələr büdcə imkanlarına uyğun kəsilməli və onlar mütləq ödənməlidir”. Bu sözləri APA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov son günlər ölkə mətbuatında yaranan vəziyyəti şərh edərkən deyib. Ə. Amaşov bildirib ki, mətbuat orqanlarına kəsilən cərimələrin məbləği yüksək olduğu üçün onları ödəmək mümkün deyil. Şura sədri onu da qeyd edib ki, jurnalistə kəsilən cərimə onun səhvinə adekvat olmalıdır: “Jurnalist bilərəkdən kiminsə şəxsiyyətini təhqir edirsə o, mütləq cəzalandırılmalıdır”. Ə. Amaşov, həmçinin baş verənlərə görə jurnalistlərin öz peşəkarlıqlarını artırmasının vacib olduğunu deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun yaxın günlərdə keçiriləcək iclasında digər məsələlərlə yanaşı, ölkə mətbuatının vəziyyəti də müzakirə olunacaq: “Biz yaranmış problemləri həll etmək üçün çıxış yolları axtaracağıq. Mətbuatın bugünkü vəziyyətinin kökündə iqtisadi çətinlik dayanır. Mətbuat Şurası mətbuatın inkişafına dövlət qayğısını nəzərdə tutan layihəni Prezident Aparatına təqdim edib. Hazırda məsələ araşdırılır”./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR