APA-nın adından sui-istifadə edilərək, böhtan xarakterli xəbər yayılıb

APA-nın adından sui-istifadə edilərək, böhtan xarakterli xəbər yayılıb
# 27 aprel 2007 09:36 (UTC +04:00)
Qəzetdə APA-nın bu məlumatı guya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən yaydığı da qeyd olunub. Məlumatda guya Xanlar rayonunda əxlaqsız yuvası aşkarlandığı, orada tutulan qadınlar arasında İctimai Televiziyanın yerli bürosunun əməkdaşı Əminə Rəhimovanın da adının olması barədə xəbər yer alıb.
APA qətiyyətlə bəyan edir ki, agentlik bu sərlövhəli və məzmunlu xəbər yaymayıb. Sadəcə, reket fəaliyyəti ilə məşğul olan bu qəzet agentliyin və Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin adından istifadə etməklə xəbərini inandırıcı göstərmək istəyib.
Üstəlik agentliyin abunəçiləri sırasında “Kriminal aləm” adlı qəzetin adı yoxdur.
APA onu da qeyd edir ki, agentliyin heç bir abunəçisi belə xəbər dərc etməyib və agentlik bütün tarixi ərzində Xanlarda əxlaqsızlıq yuvasının olması barədə xəbər yaymayıb.
Əminə Rəhimova isə APA-ya bildirib ki, bu qəzet artıq ikinci dəfə xəbəri APA-ya istinadla dərc etdiyini israrla yazaraq, yenidən böhtan xarakterli xəbərini təkrarlayıb və hər halda onu ləkələmək üçün qəzeti pulsuz olaraq Xanlar rayonunda paylayıb. Ə. Rəhimova onu da qeyd edib ki, bu yaxınlarda onların Saqif və Ziyafət Cəfərovlarla torpaq mübahisələri olub. Belə ki, Cəfərovlar onun həyat yoldaşı Mətin Mirzəyevin adında olan torpaq sahəsini zəbt etdikləri üçün mübahisə yaranıb. Xanlar rayon Məhkəməsi mübahisəni Ə. Rəhimovanın həyat yoldaşının xeyrinə həll edəndən sonra bu yazı dərc olunub. Xanlar rayon Polis Şöbəsi isə bu günlərdə Saqif Cəfərova məxsus 25-BC-510 nömrə-nişanlı maşında “Kriminal aləm” qəzetinin həmin sayını paylayan və S. Cəfərovun yaxın dostu olan Ceyhun Rüstəmovu tutub. Ə. Rəhimova artıq Xanlar rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyini də bildirib. APA məhkəmə prosesinə nümayəndəsini göndərərək, belə xəbər dərc etmədiyini məhkəmədə də bildirəcək.
Agentliyin baş direktoru Vüsalə Mahirqızı APA-nın adından sui-istifadə edilərək, böhtan xarakterli xəbər yaydığı üçün “Kriminal aləm” qəzetinin baş redaktoru İlqar Vəliyevin cinayət məsuliyyətinə cəlb edilməsi xahişi ilə daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralova müraciət edib. V. Mahirqızı həmçinin Mətbuat Şurasının sədri Əflatun Amaşova da müraciət ünvanlayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR