Üzeyir Cəfərov xəstəxanadan evə buraxılıb

Üzeyir Cəfərov xəstəxanadan evə buraxılıb
# 28 aprel 2007 12:01 (UTC +04:00)
Aprelin 20-də axşam saatlarında naməlum şəxslərin hücumu nəticəsində xəsarət alan “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərov müalicə olunduğu Klinik Tibb Mərkəzindən evə buraxılıb. Bu barədə APA-ya açıqlama verən Üzeyir Cəfərovun sözlərinə görə, bundan sonra müalicəsini ev şəraitində davam etdirəcək: “Həkimlər icazə versələr, gələn həftənin ortalarından işə çıxmaq istəyirəm”. Redaktor hadisə ilə bağlı qaldırılan cinayət işini araşdıran müstəntiqə bildirib ki, üzləşdiyi hadisənin təşkilatçılarından biri kimi, çalışdığı qəzetə qarşı iddia irəli sürən bir qrup Xocalı sakininin müdafiəçisi kimi çıxış edən jurnalist Tatyana Çaladzenin də dindirilməsi vacibdir: “Çünki, Çaladze mətbuata açıqlamalarında deyib ki, onun adamları mənimlə haqq-hesab çəkmək istəyirlər”. Ü.Cəfərova xəsarət yetirilməsi ilə bağlı qaldırılan cinayət işini araşdıran Yasamal rayon Polis Şöbəsinin müstəntiqi Rafiq Əliyev APA-ya bildirib ki, o, bu gün redaktorun söylədiklərinə əsasən T. Çaladzeni şübhəli şəxs qismində dindirəcək. Müstəntiq eyni zamanda Ü. Cəfərovun ona hücum edən şəxslərin, redaksiyanın yaxınlığında, İnşaatçılar prospektində yerləşən Beynəlxalq Bankın kamerasında lentə alınması barədə söylədiklərinə əsasən araşdırma aparılması haqda göstəriş verib: “Yasamal Rayon Polis Şöbəsinin 27-ci şöbəsinə bununla bağlı araşdırma aparmaq tapşırığı verilib”. Qeyd edək ki, Ü. Cəfərova xəsarət yetirilməsi ilə bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 132-ci maddəsi (döyülmə) üzrə cinayət işi qaldırılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR