Beynəlxalq Mətbuat Mərkəzinin 4 yaşı tamam olur

Beynəlxalq Mətbuat Mərkəzinin 4 yaşı tamam olur
# 01 may 2007 14:14 (UTC +04:00)
Bu gün Beynəlxalq Mətbuat Mərkəzinin 4 yaşı tamam olur. APA-nın məlumatına görə, BMM qapılarını Azərbaycan ictimaiyyətinin üzünə 2003-cü il mayın 2-də açıb. Ötən müddətdə burada yüzlərlə mətbuat konfransı, seminar, dəyirmi masa, görüş təşkil olunub. Ziyalılar, ictimai-siyasi xadimlər, dövlət məmurları, media təşkilatlarının, kütləvi informasiya vasitələrinin rəhbərləri, sıravi vətəndaşlar onları qayğılandıran, düşündürən, narahat edən məsələlər barədə mövqelərini bildirib, diskussiyalar aparıblar. Ölkə KİV-lərinin BMM-də düzənlənən tədbirlərə hər gün geniş yer vermələri, tematika və məzmun rəngarəngliyi onun ölkə ictimaiyyətinə açıqlığının, mətbuat və söz azadlığına yaradılan şəraitin bariz nümunəsi kimi dəyərləndirilməlidir. BMM-in 4 yaşını təbrik edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu tribunaya xas xarakterik cəhətlərdən söhbət açarkən bildirib ki, belə geniş ictimai marağı yalnız oradakı rahat şəraitlə əlaqələndirmək düzgün olmaz: “Beynəlxalq Mətbuat Mərkəzi fəaliyyətə Ümumdünya Söz Azadlığı Günü ərəfəsində başlayıb. Öz işini də məhz həmin prinsiplər əsasında qurub. Burada siyasi baxışlarından, peşə və yaşından asılı olmayaraq hamı üçün sərbəst söz məkanı mövcuddur. BMM-də ilk mənbədən informasiya alınmasında, azad fikrin, müstəqil mövqenin təqdimatında heç vaxt problem yaradılmayıb. Bu da indiki dövrdə xüsusilə vacib faktorlardandır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR