Araşdırma: Telekanallar yalnız Azərbaycan dilində film yayımına hazır olduğunu bildirirlər

Araşdırma: Telekanallar yalnız Azərbaycan dilində film yayımına hazır olduğunu bildirirlər
# 02 may 2007 08:47 (UTC +04:00)
APA-nın telekanallar arasında keçirdiyi araşdırmanın nəticələri bu qurumların filmlərin yalnız Azərbaycan dilində yayımına hazır olduğunu göstərir. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, telekanalın dublyaj redaksiyasında ildə 350-yə yaxın bədii, sənədli, elmi-kütləvi və cizgi filmləri dublyaj olunur. Filmlər əsasən, rus dilindən tərcümə edilir. Hər film müqavilə əsasında dublyaj olunur və bir filmin dublyajında 30-a yaxın aktyor iştirak edir. Mətbuat xidmətindən bildiriblər ki, hazırda dublyaj redaksiyasının texniki cəhətdən heç bir problemi yoxdur: “Bu kanalda filmlər 1998-ci ildən yalnız Azərbaycan dilində səsləndirilir. Hazırda tamaşaçılara yalnız Dövlət Film Fondunun kolleksiyasından olan retro filmlər (“Retro” proqramında) rus dilində təqdim edilir. Hazırda dublyaj redaksiyası yeni texnologiya və avadanlıqla fəaliyyət göstərir və burada hər ay təxminən 20 film dublyaj edilir”. ANS şirkətlər qrupu prezidentinin müşaviri Mayis Məmmədov APA-ya bildirib ki, bu telekanalda fəaliyyət göstərən dublyaj studiyası tezliklə təzə binaya köçəcək. ANS sözçüsü bildirib ki, telekanal filmləri müqavilə əsasında və dublyaj etmək hüququ ilə alırlar: “Biz özümüz də filmlərin yalnız Azərbaycan dilində səsləndirilməsinin tərəfdarıyıq. Bu istiqamətdə işlər davam edir. Ona görə də yeni ildən filmlərin xarici dildə yayımına qoyulan qadağanın bizə ziyanı olmayacaq”. APA-nın məlumatına görə, ölkədə fəaliyyət göstərən telekanalların hamısında dublyaj studiyası mövcuddur və dublyajın keyfiyyətinə də telekanallar cavabdehlik daşıyırlar. Mədəniyyət və Turizm Nazirliyinin telekanallardakı dublyaj studiyalarının işinə müdaxiləsi yalnız tövsiyə şəklində ola bilər. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının dublyaj studiyasının fəaliyyətini dayandırmasından təxminən 15 il keçir. Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya Şöbəsinin “Filmlərin təbliği və yayımı sektorunun” müdiri Yusif Şeyxovun APA-ya verdiyi məlumata görə, ölkə başçısının məlum sərəncamından sonra bu studiyanın bərpasına başlanıb: “Yeni texniki avadanlığın təxmini siyahısı məsləhətləşdirilir. Dublyaj studiyası müqavilə əsasında alınan dövlət filmlərini Azərbaycan dilinə çevirirdi. Hal-hazırda dövlət film almır. Ona görə də dublyaj studiyasının fəaliyyəti bərpa olunandan sonra hansı filmlərin dublyaj edilməsi məsələsi də müzakirə olunacaq”. Y. Şeyxovun sözlərinə görə, dublyaj studiyasında tərcümə olunan filmlər kinostudiyalarda nümayiş olunur və bu filmlər telekanalların ehtiyacını ödəmək üçün nəzərdə tutulmayıb. Filmlərin xarici dildə yayımına qadağa qoyulmasına ictimaiyyətin də münasibəti müxtəlifdir. Filologiya elmləri namizədi Zöhrə Əliyevanın fikrincə, telekanallarda filmlərin xarici dillərdə yayımına qoyulan qadağa savadsızlığa səbəb olacaq. Onun fikrincə, bu qadağa tamaşaçıları həm rusdilli materiallardan, həm də rus dilini öyrənmək təcrübəsindən məhrum edəcək. Professor Rafiq Hüseynli isə ilk növbədə tələsik edilən dublyajların keyfiyyətsizliyini önə çəkib: “Dublyaj üçün yaxşı maddi-texniki baza tələb olunur. Bizim studiyalar hələ bu səviyyəyə çatmayıb. Digər tərəfdən, yaradığı heyət təkcə filmi səsləndirməyə yox, hər aktyorun obrazını duymağa da hazır olmalıdır”. Milli Televiziya və Radio Şurasının sədri Nuşiravan Məhərrəmli APA-ya bildirib ki, xarici dillərdə film yayımına qoyulan qadağa dəyişdirilməyəcək. Qeyd edək ki, MTRŞ-nin qərarı ilə filmlər Azərbaycan dilindən başqa yalnız türk dilində səslənə bilər. Filmlərin Azərbaycan teleməkanında türk dilində yayımına heç bir qadağa nəzərdə tutulmayıb. Türk dilində səslənən dublyajlar da ölkə telekanallarında maneəsiz yayımlanacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR