Əli Əhmədov “Azadlıq” qəzetindən Mətbuat Şurasına şikayət edib

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov Mətbuat Şurasına müraciət edib. YAP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə. Əhmədov müraciətində “Azadlıq” qəzetinin mayın 15-də dərc edilmiş sayında “Neft müqavilələrinə görə Əliyevlərə 90 milyon rüşvət verilib” başlıqlı yazıda ölkə prezidentinin şərəf və ləyaqətinin təhqir olunduğunu, onun işgüzar nüfuzuna xələl gətirildiyini, qəzetin 16 may tarixli sayında isə Mirzə Sakitin şerində və Rövşən Hacıbəylinin “Mavi fahişələr” başlıqlı yazısında YAP-ın ayrı-ayrı funksionerlərinin təhqir olunduğunu bildirib. Ə. Əhmədov bu tipli yazıların “KİV haqqında” qanuna və jurnalistlərin peşə etikasına ziddi olduğunu vurğulayaraq MŞ-nin növbəti iclasında həmin yazılarla bağlı müzakirə aparılmasını və “Azadlıq” qəzetinin bu yoldan çəkindirilməsini xahiş edib. /APA/