Əflatun Amaşov: “Jurnalistlər problemlərini küçələrdə deyil, dialoq yolu ilə həll etməlidirlər”

Əflatun Amaşov: “Jurnalistlər problemlərini küçələrdə deyil, dialoq yolu ilə həll etməlidirlər”
# 07 iyun 2007 15:51 (UTC +04:00)
“Azərbaycan jurnalistlərinin problemləri kifayət qədər olsa da, onlar həmin problemləri küçələrdə deyil, qarşılıqlı anlaşma və dialoq yolu ilə həll etməlidirlər. Problemlərin dialoq yolu ilə həllinə cəhd etmək daha effektli ola bilər, nəinki küçə aksiyaları. Mən ümumiyyətlə, jurnalistika problemlərinin küçələrdə müzakirəsinin əleyhinəyəm”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib. Şura sədri jurnalistlərin iyunun 12-də keçiriləcək etiraz aksiyasında siyasi partiyaların iştirakı ilə bağlı məsələyə də münasibətini bildirərək cəmiyyətdə siyasi partiyalarla jurnalistlərin missiyasının fərqli olduğunu vurğulayıb: “Hər sahənin təmsilçiləri öz üzərilərinə düşən vəzifələri yerinə yetirsələr, daha yaxşı olar”. Ə. Amaşovun sözlərinə görə, hazırda Azərbaycan jurnalistikasının çoxlu problemlərinin olduğunu nəzərə alan Mətbuat Şurası vəziyyətin düzəlməsinə nail olmaq üçün bitkin bir sənəd hazırlayaraq müvafiq qurumlara təqdim edib: “Biz 22 iyul Mlli Mətbuat Gününə qədər həmin sənədlə bağlı cavab gözləyirik”. Azərbaycanda mətbuatla bağlı yaranmış gərgin durumun müzakirə olunması üçün MŞ-nin təşəbbüsü ilə dialoqun keçirilməsinə gəlincə, Ə. Amaşov bildirib ki, vaxtilə rəhbərlik etdiyi qurum bu sahədə hətta ATƏT-in bacarmadığı işin öhdəsindən gəlib: “2003-cü ildə biz nüfuzlu siyasi partiyaların liderlərini görüşdürdük. Həmin görüşün nəticəsi effektli oldu”. Ə. Amaşov hazırda Mətbuat Şurasının bu səpkili tədbirlərin keçirilməsi üçün bir neçə plan üzərində işlədiyini açıqlayıb. Onun sözlərinə görə, keçiriləcək dialoq müxtəlif formatda ola bilər: “Bu dialoq mətbuat rəhbərlərinin öz arasında, siyasi liderlər, eyni zamanda mətbuatla hakimiyyət arasında ola bilər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR