AZTV 31 Mart Soyqırımı Günü ilə bağlı bədii-sənədli film hazırlayıb - VİDEO

AZTV 31 Mart Soyqırımı Günü ilə bağlı bədii-sənədli film hazırlayıb  - VİDEO
# 30 mart 2022 13:18 (UTC +04:00)

Azərbaycan Televiziyası 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bədii-sənədli film hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, “Hökm” adlı filmdə hadisələr Bakıda cərəyan edir. 1918-ci ilin mart ayının ağır günlərindən bəhs edən ekran işində mülki əhalinin birləşərək erməni-daşnak dəstələrinə müqaviməti əks olunub. Belə ki, türk ordusu gələnə qədər Bakıda əsas yük qoçuların üzərinə düşürdü. Onlar şəhər əhli arasından könüllü dəstələr toplayaraq son güllələrinədək döyüşür, daha sonra isə xəncərlərinə sarılaraq düşmən üzərinə hücuma keçirdilər.

Bu yükü üzərinə götürən Bakı qoçularından biri də Nəcəfqulu adlı gənc idi. Filmdə onun erməni-daşnak dəstələrinə müqaviməti xüsusi olaraq vurğulanır. Sovet hakimiyyəti qurulandan sonra isə Nəcəfqulu və daha 12 Bakı qoçusu inqilabçı Əli Bayramovun qətlində ittiham olunur. Onlara qarşı haqsızlıq edilir və barələrində ölüm hökmü verilir.

Bədii-sənədli filmdə qoçuların həm də qadın və uşaqları öz canları bahasına qoruduqları, uduzacaqları təqdirdə qadınların düşmən əlinə keçməməsi üçün plan qurduqları səhnələşdirilib. Yaşlı qoçulardan biri “Allah eləməsin, birdən bu davanı uduzsaq, qız-gəlini dənizə tökərik” deyir və qadınları qorumağın nə qədər vacib olduğunu xatırladır.

Filmin rejissoru Zaur Zeynal, ssenari müəllifi Leyla Qədirzadə, operatoru Aqşin Rzayev, layihə rəhbəri isə Həmid Əsədzadədir. “Hökm” martın 31-i saat 18:30-da AzTV-də yayımlanacaq.

Qeyd edək ki, Azərbaycanın ilk və ən qocaman televiziya kanalı olan AzTV 1956-cı il fevralın 14-də yayıma başlayıb. 24 saat yayımlanan televiziya kanalına bu gün dünyanın bir çox ölkələrində baxmaq mümkündür. Azərbaycan Televiziyasının Avropa, Türkiyə, Şimali Kipr, Rusiya, Ukrayna, Amerika, Kanada, Orta Asiya, Gürcüstan, Şərqi Asiya və Çində müxbir məntəqələri fəaliyyət göstərir. 2013-cü ildən isə Ərəb ölkələri və Şimali Afrika bürosu fəaliyyətə başlayıb.

2004-cü ilin fevralından AzTV-nin Avropa ölkələrində daha keyfiyyətli yayımı təmin edilib. “Teleradio” İstehsalat Birliyi mütəxəssislərinin teleqüllə kompleksində rəqəmsal TV-Up-link stansiyasını quraşdırması nəticəsində Azərbaycan Televiziyasının verilişləri Avropaya “Hot Bird” və “SESAT”, Şimali Amerikaya “Galaxy 25”, Asiyaya “Turksat 1C” peykləri vasitəsilə yayılır. 2013-cü ildən isə “Azerspace-1” peyki ilə yayımlanır. 2007-ci ildə Avropaya yayımın texniki səviyyəsinə görə Azərbaycan Televiziyası “Avropa keyfiyyəti” medalına layiq görülüb.

2021-ci ildən AzTV HD formatında yayıma başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR