BAMF və Əl-Cəzirə media şəbəkəsi memorandum imzalayıb - FOTO

BAMF və Əl-Cəzirə media şəbəkəsi memorandum imzalayıb - FOTO
# 30 mart 2022 14:12 (UTC +04:00)

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə Əl-Cəzirə media şəbəkəsi arasında əməkdaşlıq memorandumu imzalanıb.

APA xəbər verir ki, Əl-Cəzirə media şəbəkəsinin rəhbərliyi tərəfindən təsdiqlənmiş əməkdaşlıq müqaviləsini rəsmi nümayəndə Sami Əl Hacc və BAMF prezidenti Umud Mirzəyev imzalayıblar.

İmzalama mərasimində BAMF-ın Müşahidə Şurasının sədri Akif Musayev və BAMF-ın BMT-nin Cenevrə ofisindəki nümayəndəsi Osman Əl Hacc iştirak ediblər.

Bildirilib ki, müvafiq sənəd hər iki təşkilat arasında 10 ilə yaxındır davam edən sıx əlaqələri rəsmiləşdirəcək və daha da genişləndirəcək. Bu əməkdaşlıq Beynəlxalq Avrasiya Mətbuat Fondu vasitəsilə Əl-Cəzirəni bütün Azərbaycan mediası üçün əlçatan edəcək. Müqaviləyə əsasən Azərbaycan jurnalistlərinin Əl-Cəzirədə təcrübə keçmək imkanları, müxtəlif beynəlxalq tədbirlərdə birgə iştirak və jurnalist mübadiləsi proqramlarının icrası reallaşacaq. Həmçinin, daha əvvəllər Əl-Cəzirə Media Şəbəkəsinin peşəkar təlimçiləri tərəfindən Azərbaycan jurnalistləri üçün keçirilən iki böyük peşəkarlıq və təhlükəsizlik təlimlərinin davamı olaraq yenidən silsilə təlimlərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edilib ki, iki tərəfdaş qurum hər zaman söz azadlığının təminatı və insan hüquqlarının qorunması ilə bağlı həmrəylik nümayiş etdirir və birgə tədbirlərin təşkilinə, qarşılıqlı təbliğat çarxlarının hazırlanmasına daima öz töhfələrini verirlər.

Vurğulanıb ki, BAMF eyni zamanda Əl-Cəzirənin ərəb və ingilis dilli tamaşaçılarının regionla bağlı xəbər ehtiyaclarının qarşılanması üçün əməkdaşlarının regiondan hazırladıqları reportajların, yazıların və məqalələrin yayımlanmasına dəstək göstərir.

Diqqətə çatdırıb ki, BAMF-ın təşkilati dəstəyi ilə Əl-Cəzirə TV-nin peşəkar komandasının hazırladığı, Azərbaycanın əsrarəngiz gözəlliyini dünyaya təqdim edən hər birisi 25 dəqiqədən ibarət olan 5 sənədli film çoxsaylı tamaşaçı kütləsinin rəğbətini qazanıb. Əl-Cəzirə media şəbəkəsi Aprel döyüşləri və həmçinin İkinci Qarabağ müharibəsindən sonra da hər zaman öz obyektivliyi və qərəzsiz mövqeyi ilə xəbərin ən etibarlı istinad yeri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR