Ermənistanın təcavüzündən zərər çəkmiş jurnalistlərin məlumat bazası hazırlanır

Ermənistanın təcavüzündən zərər çəkmiş jurnalistlərin məlumat bazası hazırlanır
# 21 fevral 2022 10:46 (UTC +04:00)

Ermənistanın təcavüzkar siyasətindən zərər çəkmiş, həlak olmuş, xəsarət almış Azərbaycan jurnalistləri, köçkün düşmüş və ya fəaliyyətini dayandırmaq məcburiyyətində qalmış KİV qurumları barədə məlumat bazası hazırlanır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Ermənistanın təcavüzündən zərər çəkmiş Azərbaycan jurnalistləri mediada” adlı layihə çərçivəsində icra edilir.

APA xəbər verir ki, layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, son 30 il müddətində Ermənistan Respublikasının apardığı işğalçılıq siyasəti Azərbaycanda media sahəsinə da ciddi zərər yetirib: “1990-cı illərdən başlayaraq 2021-ci ilə qədər olan müddətdə 10-dan çox Azərbaycan jurnalisti və KİV işçisi cəbhə bölgəsində həyatını itirib. Bir o qədər jurnalist də fiziki xəsarətlər alıb, sağlamlığına zərər dəyib. Həmçinin, Qarabağ bölgəsində mövcud olmuş KİV qurumlarının redaksiyaları fəaliyyətlərini dayandırmaq, yaxud, köç edib fərqli məkanlarda məskunlaşmaq məcburiyyətində qalıblar. Təəssüf ki, qeyd edilən sahədə məlumatlar dağınıqdır, konkret rəqəmlər yoxdur. Bu hadisələr barədə məlumatların toplanıldığı vahid, əlçatan mənbənin yaradılmasına, vahid məlumat bazasının formalaşdırılmasına ehtiyac var. İcra etdiyimiz layihənin məqsədi bu müstəvidə mövcud olan boşluğu aradan qaldırmaqdır”.

Müşfiq Ələsgərli əlavə edib ki, beş ay müddətində davam edəcək layihə çərçivəsində “Ermənistanın təcavüzkar siyasətindən zərər çəkmiş Azərbaycan jurnalistləri və KİV qurumları barədə məlumatlar toplanılıb xarici dillərə tərcümə edildikdən sonra onlar layihə çərçivəsində hazırlanacaq saytda yerləşdiriləcəklər, beynəlxalq təşkilatlar üçün əlçatan olacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR