Milli Məclisdə “Media haqqında” qanun layihəsi müzakirə edilib

Milli Məclisdə “Media haqqında” qanun layihəsi müzakirə edilib
# 28 dekabr 2021 13:17 (UTC +04:00)

Bu gün Milli Məclisdə “Media haqqında” qanun layihəsinin müzakirəsi təşkil olunub.

APA-nın məlumatına görə, müzakirədə Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov, Milli Məclisin deputatları, media qurumlarının rəhbərləri iştirak ediblər.

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, məqsəd üçüncü oxunuşdan əvvəl qanun layihəsinin yenə də geniş müzakirəsini təşkil etməkdir.

Ə. Hüseynli bildirib ki, hazırkı qanun öncəki iki qanunun əsasında hazırlanır: “Bu qanunu yenidən Venesiya Komissiyasına göndərməyin heç bir mənası yoxdur”.

APA Media Group”un baş direktoru Vüsalə Mahirqızı qeyd edib ki, bu qanun layihəsi, ümumiyyətlə, media sahəsini əhatə etmir, media subyektləri üçün hüquqi bazadır: “Açığı, son illərdə hansısa qanun layihəsinin bu qədər müzakirə olunduğunu xatırlamıram. Hesab edirəm ki, sosial mediada cəmiyyətin bütün tərəfləri qanun layihəsinə fikrini bildirib, müzakirələrdə iştirak etdilər. “Media haqqında” qanunla bağlı iki yol var: Birinci yol budur ki, qanun olmur, özünütənzimləmə yolu seçilir. Təcrübə göstərir ki, bu, hələ çox tezdir. Əgər qəbul ediriksə ki, qanun olmalıdır, o zaman indiki qanunun daha çox məhdudlaşdırıcı olduğunu qəbul etməliyik. Hazırkı qanun keçmişdir, yenilənməlidir. Qanun layihəsinin fəlsəfəsi media subyektlərinin bazar oyunçuları kimi formalaşmasına, şirkətləşməyə imkan verir”.

Ə. Hüseynli qeyd edib ki, Venesiya Komissiyası bizə çoxlu sayda müraciətlər edib.

Real TV-nin rəhbəri Mirşahin Ağayev vurğulayıb ki, “Media haqqında” yeni qanun layihəsi əvvəlki qanundan qat-qat liberaldır: “Burada söhbət təkcə qanun layihəsindən deyil, çox ciddi informasiya təhlükəsizliyindən gedir. Bu qanun layihəsi təkcə Azərbaycan mediasının müstəqilliyini yox, Azərbaycan dövlətinin müstəqilliyini müdafiə edən bir qanun olmalıdır. Bəziləri bu qanun haqqında yanlış fikir formalaşdırmağa çalışırlar. Onlar istəmirlər ki, biz güclü olacaq. Onlar istəyirlər ki, köhnə mühitdə qalaq. Onlar bilirlər bu qanun qəbul olunduqdan sonra meydanda at oynada bilməyəcəklər”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov deyib ki, qanunun daha sərt olmasını istərdi: “Məsələn, qanun layihəsində qeyd oluna bilərdi ki, dövlət qurumları Media Reyestrində olmayan jurnalistlərin sorğularına cavab verməyə borclu deyil”.

“Sputnik Azərbaycan”ın redaktoru Ülkər İsmayılqızı “Media haqqında” yeni qanun layihəsinin geniş müzakirəsini dəstəkləyib.

Ə. Hüseynli nəzərə çatdırıb ki, digər normativ-hüquqi aktlara da müvafiq dəyişikliklər olmalıdır.

“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili qanunun işləmə mexanizminin olmasını zəruri sayıb.

MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, normativ hüquq baza yenilənmədən islahatların aparılması mümkün deyil: “Düşünürük ki, layihə tənqidə dözür. Əsas qanunun qəbulu deyil, onun düzgün tətbiqi vacibdir. Qanun qəbul olunduqdan sonra da tətbiqi ilə bağlı görüşlər keçirərək media subyektləri ilə müzakirələr aparmağı düşünürük”.

Ə. İsmayılov informasiya agentliyi ilə bağlı məsələlərin layihədə əksini tapdığını vurğulayıb. Onun sözlərinə görə, informasiya agentliyi kimi tanınmaq üçün bağlanmış müqavilələri təqdim etmək lazım olacaq.

Oxu.az-ın baş redaktoru Pərvin Abbasov qeyd edib ki, 77-ci maddənin daha da genişləndirilməsinə ehtiyac var.

MEDİA-nın icraçı direktoru isə hökumətin hesabatının açıq olduğunu, jurnalistin buna görə məsuliyyətə cəlb edilə bilməyəcəyini söyləyib.

“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev Vüsalə Mahirqızının fikirləri ilə razı olduğunu söyləyib: “Bu qanun layihəsinin çox geniş şəkildə müzakirəsi keçirilib. Ona görə də hesab edirəm ki, qanun indiki konseptual variantda bizim üçün çox faydalı olacaq. Gələcəkdə də hansısa məsələlər ortaya çıxdıqca düzəlişlər əlavə ola bilər”.

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov qanun layihəsi ilə bağlı müzakirələrin təşkilini dəstəkləyib: “Bu, həm də Milli Məclisin mətbuata münasibətini ortaya qoyur. Etiraf etmək lazımdır ki, Azərbaycan jurnalistikasını özünün yaxşı günlərini yaşamır. Bunun da səbəbi qanunvericilik çərçivəsində tənzimlənmə ilə bağlıdır. Bu günlərdə Milli Məclis qarşısında aksiya zamanı biri özünü milli televiziyanın əməkdaşı kimi təqdim edirdi. Araşdırmamız zamanı məlum oldu ki, onun AzTV-yə heç bir aidiyyəti yoxdur, hansısa milli televiziya adı altında bir saytdan söhbət gedir. Digər tərəfdən, niyə Media Reyestrinin yaradılmasından qorxuruq? Əgər bir insan jurnalistikaya şantaj deyil, normal fəaliyyət sahəsi kimi yanaşırsa, nədən qorxur? Bu qanun sosial şəbəkələri tənzimləmir. Ancaq biz gələcəkdə insan hüquq və azadlıqları qorunmaqla, sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanun qəbul etməliyik”.

Parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihəsində heç bir məhdudlaşdırıcı norma olmadığını vurğulayıb. A. Vəliyev nəzərə çatdırıb ki, qanun layihəsində informasiya agentliklərinin informasiyasından istifadə hallarını nəzərdə tutan 13.3-cü maddə yeni redaksiyada verilir.

Demokrat.az saytının baş redaktoru Vasif Həsənli deyib ki, “Media haqqında” qanun layihəsi barədə səs-küy yaradanların burada iştirak etməsi yaxşı olardı.

Sonda çıxış edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc dövlətin medianın güclü olmasında maraqlı olduğunu söyləyib: ““Media haqqında” qanun layihəsi medianın azadlığını gücləndirəcək. Dünənə qədər media mühitinin qüsurlu olduğundan şikayətlənən və bu gün fərqli mövqedən çıxış edənlər xarici dövlətlərin maliyyə vəsaitlərindən asılı olanlardır. İndi də deyirlər ki, reyestr olmasın. Bu gün 20 minə qədər jurnalist var. Ancaq kim deyə bilər ki, nə qədər siyasi sahədə və digər sahələrdə ixtisaslaşmış jurnalistlər var?! Yeni media konsepsiyası, media ilə bağlı yeni hüquqi aktlar bizi gözləyir. 44 gün hərbdə bizə uğur gətirdi, bu zəfəri media məkanında da davam etdirmək lazımdır. Bu qanunu müdafiə etmək üçün hansısa siyasi arqumentlərə ehtiyac yoxdur, qanun özü özünü müdafiə edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR