MTRŞ: Bir sıra TV və radiolar 98% əhatəliliklə bağlı tələbə cavab vermir

İsmət Səttarov

© APA | İsmət Səttarov

# 20 dekabr 2021 13:42 (UTC +04:00)

“Mövcud qanunda olan 98% əhatəliliyin bütün televiziya və radio kanalları tərəfindən təmin olunması real deyil”.

Bunu APA-ya müsahibəsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov bildirib.

Qeyd edək ki, hazırda qüvvədə olan “Televiziya və radio yayımı haqqında” qanunda ümumölkə yayımçısı proqramları ölkənin bütün ərazisinə yayımlanan teleradio yayımçısı ("Ölkənin bütün ərazisi" dedikdə, televiziya verilişləri üçün ölkə əhalisinin, radio verilişləri üçün ölkə ərazisinin azı 98 faizi başa düşülməlidir) deməkdir. “Media haqqında” qanun layihəsində isə ümumölkə yayımçısına dair şərtlər dəyişir, həm də ilk dəfə regional yayımçıya dair tələblər müəyyənləşir.

MTRŞ sədri isə deyib ki, həm ərazi, həm də əhali cəhətdən 98% əhatəliliyə nail olunması qeyri-mümkündür: “Elə bölgələr var ki, orada insanlar kompakt yaşayırlar. Məsələn, Bakı şəhəri. Elə yerlər də var ki, oranın çətin relyefi və coğrafiyası səbəbindən əhali çox seyrək yaşayır. Təbii ki, hər bir kənddə bir ötürücü qoymaq mümkün deyildir. Bu səbəbdən yeni layihədə ümumölkə yerüstü yayımçıları üçün əhalinin 70%-nin əhatə olunması tələbi qoyulmuşdur. Yeni tələblər reallığa daha yaxın göstəricidir. Qüvvədə olan qanuna əsasən, qoyulan 98% tələblə bağlı ekspertiza aparılsa, məlum olacaq ki, bir sıra televiziya və xüsusən də radio kanalları bu tələbə cavab verə bilmir. Onda bu televiziya yayımçısının lisenziyasına xitam verilməlidir. Ona görə də biz reallığa uyğun şəkildə 70% və ondan yuxarı tələbini qoymuşuq. Həmçinin də qanun layihəsinə yeni olaraq regional yayımçı üçün tələb qoyulub ki, bu da azı 2 inzibati ərazi vahidinin əhalisinin 70%-i və ondan yuxarısıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR