Onlarla xarici KİV APA-nın Koçaryan və Sarkisyanın axtarışa verilməsi xəbərini yayıb

Onlarla xarici KİV APA-nın Koçaryan və Sarkisyanın axtarışa verilməsi xəbərini yayıb
# 22 fevral 2022 13:25 (UTC +04:00)

APA İnformasiya Agentliyinin Ermənistanın sabiq prezidentləri Robert Koçaryanın və Serj Sarqsyanın Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək beynəlxalq axtarışa verilməsinə dair xəbərini onlarla xarici kütləvi informasiya vasitəsi yayıb.

APA-nın xəbərinə görə, Rusiyanın TASS informasiya agentliyi, RİA Novosti agentliyi, “Kommersant”, “Arqumenti i faktı”, “Komsomolskaya Pravda”, “Moskovskiy Komsomolets” və s. qəzetləri, “Lenta.ru”, “Gazeta.ru”, “Exo Kavkaza”, eyni zamanda bir sıra xəbər portallarında Azərbaycan Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyevin APA-ya müsahibəsindəki fikirlərinə istinad olunub.

Türkiyənin “Anadolu”, Ukraynanın “Ukrinform”, “RBK-Ukrayna” informasiya agentlikləri, Moldovanın “Noi.md” xəbər portalı da APA-nın həmin xəbərini tirajlayıb.

Sözügedən xəbər Ermənistan mətbuatının diqqətini daha çox cəlb edib. Ermənistanın əksər media quruluşlarında Emil Tağıyevin APA-ya müsahibəsindəki fikirlərə yer verilib.

Qeyd edək ki, Emil Tağıyev APA-ya müsahibəsində bildirib ki, Robert Koçaryan və Serj Sarqsyan 1988-ci ilin fevral ayından etibarən Azərbaycan və erməni xalqları arasında milli düşmənçilik salmaq, nifrət oyatmaq niyyəti ilə şəhərin təşkilat və müəssisələrində erməni milliyyətindən olan işçiləri yığıb iclaslar keçiriblər. Onlar Qarabağın ermənilərə məxsus olduğunu və orada yalnız ermənilərin yaşamalı olduğunu, azərbaycanlıları işdən qovmağı, şəhərdən və Dağlıq Qarabağdan zorla köçürməyi, evlərini yandırmağı təbliğ etdiklərinə, özbaşına olaraq özlərinə dövlət hakimiyyəti nümayəndələrinin adını verərək, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq 1991-ci il sentyabrın 2-də keçmiş Şaumyan rayonu da birləşdirilməklə, “Dağlıq Qarabağ Respublikası”nın elan olunması, bütün hakimiyyətin vilayət xalq deputatları sovetliyinə və onun icraiyyə komitəsinə verilməsi, həmin ərazidə Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarının qüvvədən düşməsi barədə qanunsuz qərar qəbul etdiklərinə və digər cinayətlər törətdiklərinə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və axtarışa veriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR