Rusiya mediasının monitorinqinin nəticələri açıqlanıb - FOTO

Rusiya mediasının monitorinqinin nəticələri açıqlanıb - FOTO
# 10 iyun 2022 14:07 (UTC +04:00)

Bu gün Mətbuat Şurasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə ULUS Fondunun həyata keçirdiyi “Beynəlxalq mediada Azərbaycan mövzusu: – Rusiya Federasiyası mediasının monitorinqi, İnternet debatların keçirilməsi”, yekun konfransın təşkili layihəsinə həsr olunmuş tədbir keçirilib.

APA xəbər verir ki, layihənin eksperti Anar Həsənov Rusiya ekspertləri və alimlərinin rəylərinin də öyrənilməsi daxil olmaqla, layihə çərçivəsində Rusiya mediası ilə bağlı geniş tədqiqat aparıldığını nəzərə çatdırıb.

Anar Həsənov artıq Rusiya mediasında azərbaycanlı miqrantlar məsələsinin aktual olmamasına diqqət çəkib. Rusiya KİV rəhbərləri sırasında erməni əsilli şəxslərin çox olması, Rusiyada Azərbaycan-Türkiyə münasibətlərinə ağrılı münasibət, Rusiyada ictimai rəyə təsir edən nüfuzlu şəxslər və vətəndaş cəmiyyəti institutları ilə Azərbaycan diaspor təşkilatları arasında əlaqənin zəif olması da araşdırmanın nəticələri kimi diqqət çəkib.

Rusiyalı ekspertlər hesab edir ki, rəsmi səviyyədə Azərbaycan və Rusiya tərəfdaş, müttəfiqdir, amma Rusiya mediasının Azərbaycana münasibətini qeyri-müttəfiq münasibət kimi səciyyələndirmək olar. Rusiyalı ekspertlər bu qənaətdədirlər ki, Rusiya mediasında “Dağlıq Qarabağ” ifadəsinin hələ də işlədilməsi aradan qalxacaq. Eyni zamanda, Azərbaycanın Rusiyadakı səfirliyi və diasporunun Ermənistan səfirliyi və diasporu ilə müqayisədə Rusiya mediası ilə əlaqələri zəif qurması da qeyd edilib. Rusiyalı ekspertlər Rusiya mediasında Azərbaycana münasibətin rəsmi dövlət münasibətini əks etdirmədiyini, Azərbaycan tərəfinin Rusiya mediası ilə əlaqələri aktivləşdirməsinin vacib olduğunu vurğulayıblar.

Rusiyalı ekspertlərə görə, Azərbaycanın maraqlarını müdafiə edən media holdinqinin yaradılması, tək Moskva deyil, Rusiyanın regionlarında da media orqanları ilə əlaqələrin qurulması üçün vacibdir və Rusiyada kontentin artıq əsasən “Telegram” kimi sosial şəbəkələrə yönəldiyi də nəzərə alınmalıdır. O cümlədən rusiyalı ekspertlər Azərbaycanda Rusiyanın ünvanına emosional fikirlərin səsləndirilməməsini tövsiyə ediblər.

Anar Həsənov Rusiyada azərbaycanlı ekspertlərin tanınmadığını, Rusiya KİV-inin belə ekspertlərlə əlaqə yaratmaqda çətinlik çəkdiyini nəzərə çatdırıb və Azərbaycan-Rusiya Ekspertlər Şurasının, yaxud Azərbaycan-Rusiya Forumunun yaradılmasını təklif edib.

Layihənin hesabatında Rusiyada tanınmış azərbaycanlıların təmsil olunduğu Azərbaycan-Rusiya Dostluq Klubunun yaradılması da təklif edilib.

Qeyd edilib ki, layihə çərçivəsində Rusiyada 19 redaksiya monitorinq olunub, 20 ekspertlə müzakirə aparılıb.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının dosenti, siyasi elmlər doktoru Sabir Məmmədli layihənin əhəmiyyətini vurğulayıb.

Layihə müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR