Şamil Şahməmmədova həsr olunan kitab təqdim edilib

Şamil Şahməmmədova həsr olunan kitab təqdim edilib
# 25 iyul 2022 16:58 (UTC +04:00)

Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) ustad jurnalist Şamil Şahməmmədovun xatirəsinə həsr olunmuş “Şamil Şahməmmədov. Sərt, mərd, həmdərd” kitabının təqdimatı keçirilib.

MŞ-dan APA-ya verilən xəbərə görə, toplantını giriş sözü ilə açan sədr Əflatun Amaşov bildirib ki, adını Azərbaycanın jurnalistika tarixinə əbədi yazdırmış söz fədaisi Şamil Şahməmmədovla bağlı kitabın ərsəyə gəlməsi onun əməyinə, həyat missiyasına böyük dəyərin müstəsna nümunəsidir.

“Kitabın adı Şamil müəllimin xarakterindəki xüsusiyyətlərin bir növ toplusudur. Mən onun sərtliyini daha çox tələbkarlıq kimi qiymətləndirərdim. İşə prinsipial yanaşması ilə seçilirdi. Rəhbərlikdə müdrik sima idi və hər kəsə qayğılı münasibətin nümunəsi də məhz o idi”.

Toplantıda çıxış edənlərdən “Bakı”-“Baku” qəzetinin baş redaktoru Ağahüseyn Hüseynov, respublikanın əməkdar jurnalisti Etibar Babayev, veteran jurnalist Fazil Rəhmanzadə, “Bakı”-“Baku” qəzetinin baş redaktor müavini Ənvər Məşədiyev, poliqrafçı alim Şəddat Cəfərov, “Xalq qəzeti”nin əməkdaşı İlqar Həsənov, Bakı Multikulturalizm Mərkəzinin əməkdaşı, tanınmış jurnalist Araz Qurbanov, “Xalq qəzeti”nin baş redaktor müavini, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri Tahir Aydınoğlu, filalogiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin müəllimi Şəlalə Həsənova, AzTV-nin böyük redaktoru Aybəniz Məmmədəliyeva, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, tanınmış veteran jurnalistlər - Vaqif Musayev, əməkdar jurnalist Əntiqə Qonaqova, Rafiq Həsənov, Hacı Mehman Fərzullayev və başqaları Ş.Şahməmmədovla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, bu il “Elm və təhsil” Nəşriyyatında çapdan çıxmış “Şamil Şahməmmədov. Sərt, mərd, həmdərd” kitabının tərtibçisi və ön söz müəllifi tanınmış jurnalist Züleyxa Nadir, redaktorları Züleyxan Nadir və Zemfira Məhərrəmlidir. Nəşrdə sənət dostları və həmkarlarının müxtəlif illərdə ustad qələm sahibi ilə bağlı yazıları, həmçinin onun həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən fotolar yer alıb.

Onu da bildiririk ki, “Əməkdar mədəniyyət işçisi” fəxri adı, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilmiş ilk jurnalisti olan Şamil Şəhməmmədov 1935-ci ildə Gəncədə anadan olub, 2021-ci ildə Bakıda vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR