Şuşada Beynəlxalq Media Forum başa çatıb

Şuşada Beynəlxalq Media Forum başa çatıb
# 22 iyul 2022 18:22 (UTC +04:00)

Şuşada Beynəlxalq Media Forum başa çatıb.

APA xəbər verir ki, "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda keçirilən forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev, 20-dək ölkədən olan xarici media nümayəndələri, ekspertlər və yerli media nümayəndələri iştirak edib.

Şuşada keçirilən Beynəlxalq Media Forum çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Azərbaycanın media nümayəndələrinə müraciətini səsləndirib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm qələbəyə imza atması ölkədə bütün sahələrdə olduğu kimi, medianın da fəaliyyətində böyük ruh yüksəkliyi yaradıb, Vətən müharibəsində Azərbaycan jurnalistləri də öz peşə borclarını ləyaqətlə yerinə yetirib.

O qeyd edib ki, Azərbaycanda media islahatlarının yol xəritəsi kimi dəyərləndirilən “Media haqqında” yeni qanun ölkənin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafının təmin edilməsi, informasiya mühitinin sağlamlaşdırılması məqsədi daşıyır.

Audiovizual Şuranın sədri İsmət Səttarovun sözlərinə görə, mediada qeyri-obyektivliyə qarşı mübarizə aparmaq lazımdır.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib ki, tarixi qələbə və müqəddəs Zəfər bölgədə, eləcə də Azərbaycanda tamamilə yeni bir reallıq yaradıb.

Rəhman Hacıyev əlavə edib ki, adətən müharibələrdən sonra meydana çıxan zərərlə bağlı böyük beynəlxalq donor konfransları toplanır, beynəlxalq təşkilatlar tərəfindən müharibədən zərər çəkən dövlətlərə milyardlarla, milyonlarla maliyyə vəsaiti ayrılır: “Biz bunu hazırda Ukraynada davam edən hadisələrdə də görürük. Beynəlxalq ictimaiyyət, beynəlxalq qurumlar ora milyonlarla vəsait ayırırlar. Bizim qarşımızda Qarabağı azad etməkdən də çətin, mürəkkəb vəzifə dayanır. Bu bizim mənəvi borcumuzdur. Tarixdə belə presedentlər var. MEDİA-ya təklif edirəm ki, media nümayəndələri ilə birlikdə dəyirmi masalar keçirək, bu məsələləri müzakirə edək. Əgər biz Qarabağa dəymiş zərəri bir neçə on milyardlarla ölçsək, bu çox böyük rəqəm olacaq. Biz iki ildir hesablayırıq, amma hələ ki bu zərərin sonu görünmür. Biz hələ itirilmiş mənfəətdən danışmırıq. Bu iki qat zərərdir. Əgər biz bu rəqəmi istənilən normal dövlət büdcəsinin imkanlarına bölsək, görərik ki, buna uzun müddət tələb olunur. Bunu isə ancaq dövlətə dəstək olmaqla, əlavə resurslar təmin etməklə azalda, qısalda bilərik. Əlbəttə, biz bu resursları xaricdə axtarmalı deyilik. Burada əsas rolu bizim diasporumuz oynamalıdır”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, Milli Mətbuat Gününün Şuşada qeyd edilməsi çox əlamətdar bir hadisədir.

Konfrans çərçivəsində keçirilən birinci paneldə ənənəvi medianın problemləri, konvergensiya prosesi, “feyk nyus”la mübarizə məsələləri ətraflı müzakirə edilib.

Daha sonra "Media etikası: rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı" adlı ikinci panel keçirilib. Müzakirə olunan əsas mövzular mediada plüralizm, media etikasının aktual problemləri, yeni media və etika olub.

Konfrans işini panel müzakirələrlə başa çatdırıb.

Qeyd edək ki, Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forum Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutub. Forumda 20-dək ölkədən olan xarici media nümayəndələri, ekspertlər və eyni zamanda, yerli media nümayəndələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR