Ümumölkə yerüstü televiziya yayımçısının lisenziyası üçün rüsum 10 dəfə azaldılır

Ümumölkə yerüstü televiziya yayımçısının lisenziyası üçün rüsum 10 dəfə azaldılır
# 02 mart 2022 11:19 (UTC +04:00)

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

APA xəbər verir ki, komitənin sədri Tahir Mirkişili iclası açaraq gündəliyə daxil edilən məsələlər barədə məlumat verib.

İlkin olaraq “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihələri təqdim edilib.

Diqqətə çatdırılıb ki, hər iki qanun layihələrinə dəyişiklik “Media haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanıb və teleradio yayımı subyektlərinin adıçəkilən qanunla müəyyən edilmiş audiovizual media subyektlərinin təsnifatına uyğunlaşdırılıb.

Eyni zamanda qeyd olunub ki, “Dövlət rüsumu haqqında” Qanunun 7-ci maddəsində edilən düzəliş əsasında isə dövlət rüsumunun ödənilməsi ilə bağlı maddə əlavə edilir. Belə ki, 7.2-ci maddəyə əsasən bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulan nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Bundan əlavə, “Media haqqında” Qanuna uyğunlaşdırılaraq “Dövlət rüsumu haqqında” Qanunun 22-ci maddəsində müvafiq dəyişikliklər edilmişdir. Bu dəyişikliklər bəzi rüsumların məbləğində öz əksini tapıb. Müvafiq düzəlişləri nəzərə alaraq “ümumrespublika televiziya yayımı”, “ümumölkə yerüstü televiziya yayımçısı” ifadəsi ilə əvəz edilir və dövlət rüsumunun məbləği 10 dəfə azaldılaraq 5000 manat təsbit olunur. Digər maddələrdə isə hər iki Qanuna təklif olunan dəyişikliklər əsasən dəqiqləşdirmə xarakteri daşıyır. Qanun layihələrində “regional televiziya yayımı”, “ümumrespublika radio yayımı”, “regional radio yayımı”, “abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı”, “abonentlərinin sayı 5000-dən çox olan kabel şəbəkəsi yayımı”, “peyk yayımı” ifadələrinin müvafiq olaraq “regional yerüstü televiziya yayımçısı”, “ümumölkə yerüstü radio yayımçısı”, “regional yerüstü radio yayımçısı”, “sadə platforma operatoru” , “universal platforma operatoru”, “peyk yayımı həyata keçirən platforma yayımçısı” ifadələri ilə əvəz olunması nəzərdə tutulur.

Gündəliyə daxil edilən digər məsələ “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi olub.

Qeyd edilib ki, Qanunun 11.2-ci maddəsinə əsasən həmin maddədə nəzərdə tutulan məqsədlər üçün özəlləşdirməni həyata keçirən dövlət orqanının hesabına özəlləşdirmədən əldə edilən vəsaitdən ayırmalar edilir, habelə təklif olunan dəyişikliyə əsasən bu vəsaitlərin istifadə məqsədləri daha da genişləndirilir və buraya özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri də daxil edilir. Komitə sədri Qanun layihəsinin qeyd olunan sahələrdə müvafiq dövlət orqanının fəaliyyətinin səmərəliyinin yüksəldilməsinə xidmət edəcəyini vurğulanıb.

Sonra “Antiinhisar fəaliyyəti haqqında”, “Yeyinti məhsulları haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə digər qanun layihələrinə baxılıb.

Nəzərə çatdırılıb ki, “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə dövlət və səfərbərlik ehtiyatlarının yaradılması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədilə Dövlət Ehtiyatları Agentliyi yaradılıb və onun nizamnaməsi təsdiq edilib. Buna uyğun olaraq qanun layihəsinin adıçəkilən fərmanları diqqətə alaraq hazırlandığı və dəqiqləşdirmə xarakteri daşıdığı qeyd edilib.

Sonda isə “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi plenar iclasda üçüncü oxunuşa müzakirəyə çıxarılması tövsiyə olunub.

İclasda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev və həmin qurumun Strateji planlaşdırma, innovasiyalar və təhlil şöbəsinin müdiri İlqar Həbiyev iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR