“Mən deyə bilərəm ki, hörmətli cənab Prezident, Sizin tərəfinizdən aparılan islahatlar Misir dövlətinin imkanlarını böyük dərəcədə gücləndirə bilmişdir. Misir bu gün yerləşdiyi bölgədə sabitləşdirici rol oynayır. Biz bunu çox təqdir edirik və əldə olunmuş nailiyyətlərlə öz dostlarımızı səmimiyyətlə təbrik edirik”.
APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə birlikdə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.
“Əminəm ki, bizim ikitərəfli əlaqələrimizin uğurlu inkişafı xalqlarımız və dövlətlərimiz üçün çox faydalı olacaq. Eyni zamanda, yerləşdiyimiz bölgələrə də əlavə sabitlik gətirəcəkdir. Çünki sabitlik olmadan heç bir ölkə uğurla inkişaf edə bilməz.
Bir çox başqa layihələr də müzakirə edilmişdir. Bu gün bu mətbuat konfransından sonra nahar zamanı biz işgüzar müzakirələri davam etdirəcəyik.
Bir daha hörmətli Prezidentə Azərbaycana səfər etdiyi üçün təşəkkürümü bildirmək istəyirəm. Dost və qardaş Misir xalqına daim rifah və firavanlıq arzulayıram. Sağ olun”, - Prezident İlham Əliyev vurğulayıb.