Dövlət-özəl tərəfdaşlığının əsas prinsipləri müəyyənləşir.
APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, dövlət-özəl tərəfdaşlığı aşağıdakı prinsiplər əsasında həyata keçiriləcək:
- qanunun aliliyi;
- azad rəqabətin qorunması;
- şəffaflıq və səmərəliliyin artırılması;
- iddiaçıların hüquq bərabərliyi;
- tərəflər arasında maraq və risk balansının qorunması.
Dövlət-özəl tərəfdaşlığı layihələri Azərbaycan Respublikasının qanunları ilə
qadağan olunmayan mənbələr hesabına maliyyələşdiriləcək. Dövlət-özəl tərəfdaşlığı layihəsində dövlətin iştirak forması və üsulları səlahiyyətli orqan tərəfindən dövlət-özəl tərəfdaşlığı layihəsinin texniki-iqtisadi əsaslandırılmasına əsasən müəyyən ediləcək və müsabiqənin şərtlər toplusunda qeyd olunacaq. Dövlət-özəl tərəfdaşlığı layihəsində dövlətin iştirak forması və üsulları (səlahiyyətli orqanın razılığı əsasında iqtisadi və (və ya) maliyyə əsaslandırmaları olduğu hallar istisna olmaqla) dövlət-özəl tərəfdaşı müqaviləsinin bağlanılmasından sonra dəyişdirilə bilməz. Dövlət-özəl tərəfdaşlığı ilə bağlı dövlət öhdəliyinin yuxarı həddi hər layihə üzrə səlahiyyətli orqan tərəfindən müəyyən ediləcək.