Özəl tərəfdaşlara və kreditorlara veriləcək dövlət dəstəyi və təminatlar məlum olub

Özəl tərəfdaşlara və kreditorlara veriləcək dövlət dəstəyi və təminatlar məlum olub
# 28 oktyabr 2022 11:26 (UTC +04:00)

Özəl tərəfdaşlara və kreditorlara verilən dövlət dəstəyi və təminatlar məlum olub.

APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, dövlət-özəl tərəfdaşlığı layihəsinə “İnvestisiya fəaliyyəti haqqında” qanunda nəzərdə tutulan təşviq tədbirləri, habelə vergi və digər dövlət ödənişləri üzrə güzəştlər, əlavə maliyyə dəstəyi, təminatlar, azadolmalar və kompensasiyalar şamil edilir.

Özəl tərəfdaşa müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla dövlət tərəfindən müsabiqənin şərtlər toplusunda nəzərdə tutulmuş aşağıdakı dövlət dəstəyi və təminatlar verilə bilər:

- dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün mal, material, xammal, avadanlığın verilməsinin təşkili;

- dövlət-özəl tərəfdaşlığı layihəsinin gəlirlərinin minimum səviyyəsinə təminat;

- dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində istehsal edilən məhsulların, göstərilən xidmətlərin, görülən işlərin müəyyən həcmdə alınmasına dair təminat;

- subsidiyaların və (və ya) kreditlərin verilməsi, kapital qoyuluşu;

- tənzimlənən qiymətlərin səviyyəsinə dair təminat;

- Azərbaycan Respublikasının ərazisi və ya onun bir hissəsində xidmətlərin göstərilməsi, işlərin görülməsi, məhsulun satışı üzrə müstəsna hüquqların verilməsi;

- dövlət-özəl tərəfdaşlığı müqaviləsində nəzərdə tutulan hallarda, özəl tərəfdaşın çəkdiyi xərclərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi.

Özəl tərəfdaşın investisiyası, məhsulları və ya gəlirləri üzərində müstəqil sərəncam vermək, dövlət-özəl tərəfdaşlığı layihəsinə aid olan əmlakı və fəaliyyəti idarə etmək və ona nəzarət etmək hüququnu məhdudlaşdıran və ya özəl tərəfdaşın fəaliyyətinə mane olan və Azərbaycan Respublikasının qanunları ilə qadağan olunan hər hansı formada müdaxiləyə yol verilmir.

Dövlət-özəl tərəfdaşlığı müqaviləsinin bağlandığı tarixdən sonra Azərbaycan Respublikasının normativ hüquqi aktlarında edilən dəyişikliklər özəl tərəfdaşın dövlət-özəl tərəfdaşlığı müqaviləsi üzrə xərclərinin artmasına və ya əldə edəcəyi gəlirin azalmasına səbəb olduqda, özəl tərəfdaşa dövlət-özəl tərəfdaşlığı qaydaları ilə müəyyən edilmiş qaydada kompensasiya ödəniləcək. Bu zaman ödəniləcək kompensasiyanın məbləği dövlət-özəl tərəfdaşlığı müqaviləsində müəyyən edilə bilər. Dövlət-özəl tərəfdaşlığı müqaviləsi ilə müəyyən olunan istisnalar nəzərə alınmaqla, özəl tərəfdaş dövlət-özəl tərəfdaşlığı layihəsinin kənardan maliyyələşməsinə nail olmaq məqsədilə kreditorların xeyrinə tələblər və hüquqlar da daxil olmaqla, dövlət-özəl tərəfdaşlığı layihəsinə münasibətdə özünün mülkiyyətində olan (və ya gələcəkdə olacaq) bütün və ya hər-hansı əmlakı, habelə özünün malik olduğu iştirak payları (səhmləri) üzərində Mülki Məcəllə, “Daşınmaz əmlakın yüklülüyü haqqında” qanunun və bu sahədə münasibətləri tənzimləyən digər qanunlarla qadağan olunmayan istənilən yüklülük yarada və (və ya) öhdəliyin icrasının digər təminat üsullarından istifadə edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR