Şamaxıda 6-cı "İnvestisiya Səyahəti" keçiriləcək

Şamaxıda 6-cı "İnvestisiya Səyahəti"  keçiriləcək
# 07 oktyabr 2022 16:33 (UTC +04:00)

Oktyabrın 14-də Mərkəzi Bank, Bakı Fond Birjası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və investisiya şirkətlərinin iştirakı ilə Şamaxı şəhərində “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir keçiriləcək.

Bu barədə "APA-Economics"ə BFB-dən bildirilib. Məlumata görə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında keçiriləcək tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri mütəşəkkil kapital bazarının imkanları və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumatlandırılacaq. Tədbirdə qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində təqdimatlar olacaq.

Həmçinin, tədbir çərçivəsində investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçirilib, onların maliyyələşmə imkanları dəyərləndiriləcək.

Qeyd edək ki, bu, sayca altıncı belə tədbirdir. Bundan əvvəl "İnvestisiya səyahəti" tədbiri Gəncə, Xaçmaz, Lənkəran,Yevlax və Qəbələ şəhərlərində təşkil olunub. Mütəmadi olaraq təşkil olunan investisiya səyahəti tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR