Azərbaycanda Atom Elektrik Stansiyası 12 ildən sonra inşa oluna bilər

Azərbaycanda Atom Elektrik Stansiyası 12 ildən sonra inşa oluna bilər
# 21 oktyabr 2008 09:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda Atom Elektrik Stansiyasının (AES) tikintisi 2020-ci ildən tez reallaşa bilməz. Bunu «APA-Economics»ə açıqlamasında «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib.
M.Əsgərovun sözlərinə görə, dünya təcrübəsi AES-lərin tikintisinə dair təkcə beynəlxalq təşkilatlarla danışıqların ən azı 10 il çəkdiyini göstərir. Eyni zamanda, AES-lə bağlı texniki məsələlər, tikinti işləri və s. nəzərə alınarsa, bu, xeyli müddət tələb edir.
«Azərbaycanın gələcəyi atom enerjisindən asılıdır. Ölkədə enerjiyə tələbat ilbəil artır. Digər enerji mənbələri tükənəcək. Sürətlə artan tələbatı ödəmək üçün atom enerjisindən istifadə zərurəti yaranır», - deyə «Azərenerji» rəsmisi vurğulayıb.
M.Əsgərov bununla bağlı əhalinin indidən maarifləndirilməsinə ehtiyac görür. Mütəxəssisin sözlərinə görə, bu gün Fransada istehsal edilən elektrik enerjisinin 60%-dən çoxu AES-lərin payına düşür.
«Azərbaycanda əhali Çernobıl AES-də baş verən qəzadan qorxub. Bu qəza bir sıra texniki səbəblərlə bağlı olub. İndi daha müasir texnologiyalar tətbiq edilir. Yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir», - deyə M.Əsgərov əlavə edib.
M.Əsgərov onu da qeyd edib ki, Azərbaycanda AES-in tikintisi üçün hələ SSRİ dövründə Nəvai yaxınlığında yer nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR