Azərbaycanın aparıcı sement istehsalçısı 2008-ci ildə 1,35 mln. ton hazır məhsul istehsal edəcək

Azərbaycanın aparıcı sement istehsalçısı 2008-ci ildə 1,35 mln. ton hazır məhsul istehsal edəcək
# 24 oktyabr 2008 09:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı sement istehsalçısı olan «Qaradağ Sement» ASC 2008-ci ildə 1,35 mln. ton sement istehsal edəcəyini proqnozlaşdırır. Bu barədə «APA-Economics»ə ASC-nin marketinq meneceri Kamran Abbasov məlumat verib.
K.Abbasovun sözlərinə görə, il ərzində zavodda 0,8 mln. ton klinker istehsal olunur ki, bundan da 1,1 mln. ton sement alınır: «Lakin idxal edilmiş klinker ilin sonunadək sement istehsalını 1,35 mln. tona çatdırmağa imkan yaradacaq».
Qeyd edək ki, hazırda zavodda yeni soba inşa olunur və artıq 2011-ci ildə həmin soba istismara veriləcək. Nəticədə, zavodda klinkerin illik istehsalı 0,8 mln. tondan 1,2 mln. tona qədər, sement istehsalı isə 1,3 mln. tondan 1,7 mln. tona qədər artırılacaq. Yeni sobanın quraşdırılması ətraf mühitə təsirin minimallaşdırılmasını nəzərdə tutur, həmçinin enerji sərfinin 50%-dən az olacağı gözlənilir. Layihənin ümumi dəyəri 327 mln. avro təşkil edir.
Ötən il müəssisədə 1,35 mln. ton sement istehsal olunub, zavodun illik istehsal gücü isə 1,4 mln. tona bərabərdir.
Xatırladaq ki, «Qaradağ Sement» ASC-nin əsas səhmdarları rolunda İsveçrənin «Holcim» şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı və Azərbaycan İnvestisiya Şirkəti çıxış edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR