Azərbaycan Dövlət Neft Şirkəti ilin sonunadək «Pirallahı» adasında daha 4 quyu istismara verəcək

Azərbaycan Dövlət Neft Şirkəti ilin sonunadək «Pirallahı» adasında daha 4 quyu istismara verəcək
# 24 oktyabr 2008 12:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Abşeron» Qazma İşləri İdarəsi tərəfindən «Pirallahı» adasında qazılan 1025 nömrəli quyu «Abşeronneft» NQÇİ-nin balansına verilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Quyu 720 metr dərinlikdən sutkada 4 ton neft verir. Adıçəkilən sahədə fəaliyyət göstərən 100-dən artıq quyunun hər birinin debiti 1 tondan aşağıdır.
Qeyd edək ki, «Pirallahı» adasının 1902-ci ildən istismarda olmasına baxmayaraq, geoloqlar burada mütəmadi qalıq çıxarılabilən neft ehtiyatları aşkar edir, qazma üçün yeni nöqtələr müəyyənləşdirirlər. Daha az dərinliyə malik olan quyular iqtisadi cəhətdən ucuz başa gəlir və neft hasilatının sabit saxlanılmasında əhəmiyyətli rol oynayır. Son 1,5 il ərzində «Pirallahı»da 16 yeni quyu qazılıb ki, həmin quyular sutkada ümumilikdə 45-50 ton neft verir. Bu ilin sonunadək daha 4 quyu istismara veriləcək.
«Abşeron» Qazma İşləri İdarəsi 2008-ci ilin yanvar-sentyabr ayları ərzində 16 yeni quyu istismara verib. Onlardan ikisi «Abşeron Bankəsi» yatağında qazılmış qaz quyularıdır ki, bunların da sayəsində NQÇİ üzrə qaz hasilatı 2 dəfə - sutkalıq 40 min kubmetrdən 98 min kubmetrədək artırılıb. «Gürgan-Dəniz» yatağında isə 212 nömrəli quyu istismara verilib ki, həmin quyu da 11 ton neftlə balansa götürülüb.
Qeyd edək ki, cari ilin 9 ayı ərzində «Abşeronneft» NQÇİ-də 127,6 min ton neft hasil edilib və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6% çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR