Azərbaycan noyabrın 19-21-də Aşqabadda keçiriləcək beynəlxalq neft-qaz sərgi və konfransına dəvət alıb

Azərbaycan noyabrın 19-21-də Aşqabadda keçiriləcək beynəlxalq neft-qaz sərgi və konfransına dəvət alıb
# 13 noyabr 2008 10:16 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Noyabrın 19-21-də Türkmənistanın paytaxtı Aşqabadda 13-cü ənənəvi Beynəlxalq Neft və Qaz sərgi və konfransı keçiriləcək. Türkmənistanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, «Türkmənistanın neft-qaz sənayesinin yeni dirçəliş və böyük islahatlar dövründə inkişafı» - OGT 2008 adlı tədbirdə iri xarici şirkət və firmaların nümayəndələri, hökumət və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər. Azərbaycan da tədbirə dəvət alıb.

Beynəlxalq sərginin məqsədi neft-qaz sektorunda aparıcı şirkətlər arasında strateji tərəfdaşlıq üçün platforma yaratmaq, iştirakçı və sponsorlar üçün sərmayə yatırımına münbit şərait yaratmaq, təcrübəli şirkət və yüksək səviyyəli mütəxəssislərlə kontaktlar qurmaq, ictimaiyyətə Türkmənistan və dünya bazarında əldə olunan uğurları nümayiş etdirməkdir.

Konfrans isə milli və qlobal səviyyədə neft-qaz sənayesinin inkişafı sahəsində effektiv qərarlar qəbul etməyə, professional əməkdaşlığın səviyyəsini artırmağa yardım edəcək.

Tədbirin təşkilatçıları Türkmənistanın Neft-Qaz Sənayesi və Mineral Ehtiyatlar Nazirliyi, Türkmənistan Prezidenti Yanında Karbohidrogen Ehtiyatlarının İdarə və İstifadə Olunması Dövlət Agentliyi, Böyük Britaniyanın «Summit Trade Events Ltd» şirkətidir.

BP, “Burren”, “ExxonMobil”, “Chevron”, “Dragon Oil”, “LUKoil”, “Total”, “Cameron”, “StatoilHydro”, OMV, “Buried Hill”, “Kazmunayqaz” və digər şirkətlər isə konfransa sponsorluq edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR