Supsa limanından 600 min barel «Azeri Light» markalı xam neft partiyasını Britaniyanın «Glencore Energy UK Ltd.» şirkəti alıb

Supsa limanından 600 min barel «Azeri Light» markalı xam neft partiyasını Britaniyanın «Glencore Energy UK Ltd.» şirkəti alıb
# 13 noyabr 2008 12:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Gürcüstanın Qara dəniz sahilində yerləşən Supsa limanından neftin ixracına dair elan etdiyi marketinq sorğusu yekunlaşıb. ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, sorğunun nəticələrinə əsasən, Böyük Britaniyanın «Glencore Energy UK Ltd.» şirkəti qalib elən olunub. Şirkət bu ilin dekabr ayının 6-7-də Supsa limanından 600 min barel miqdarında «Azeri Light» markalı xam neft partiyasının ixracını həyata keçirəcək.
Qeyd edək ki, Bakı-Supsa kəməri istifadəyə veriləndən, yəni 1999-cu ildən 2005-ci ilin sonunadək bu marşrutla 50 mln. ton, 2006-cı ilin ilk 10 ayı ərzində isə 5,6 mln. ton neft nəql olunub. Həmin vaxtdan sonra kəmər istismar olunmayıb və ilk dəfə bu ilin avqust ayının əvvəlində boru xəttinə 100 min ton neft vurulub.
Diametri 530 mm olan Bakı-Supsa neft kəmərinin uzunluğu 837 km-dir ki, bunun da 443 km-i Azərbaycan ərazisinə düşür. Kəmər 1999-cu ilin aprel ayında istifadəyə verilib. İlkin mərhələdə kəmərin gündəlik buraxılış gücü 117 min barel olub. Sonradan nasos stansiyalarında aparılan modernləşdirmədən sonra buraxılış gücü 145 min barelədək artırılıb ki, bu da ildə 7,5 mln. ton neft nəqlinə imkan verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR