Azərbaycanda 5 illik qazlaşdırma proqramı hazırlanıb

Azərbaycanda 5 illik qazlaşdırma proqramı hazırlanıb
# 13 noyabr 2008 13:34 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın şəhər və rayonlarının təbii qazla təmin edilməsi istiqamətində «Azəriqaz» QSC tərəfindən görülən kompleks tədbirlər nəticəsində əhali kateqoriyasına aid abunəçilərin sayı 850 mindən 1 mln. 135 minə çatdırılıb. Qazla təmin olunmuş rayonların sayı isə 35-dən 56-ya çatıb. APA-nın məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında 2009-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı «Azəriqaz» QSC-nin prezidenti Əlixan Məlikov bildirib.
Ə.Məlikovun sözlərinə görə, Azərbaycanın işğal altında olan rayonları istisna olmaqla, bütün rayonlar qazla təmin olunub: «Təkcə 2008-ci ildə üç rayonun qaz təminatı bərpa edilib, bir rayonun 63 yaşayış məntəqəsinə, 124 obyektə qaz verilib, əlavə olaraq 19 min qaz abonenti qazla təmin olunub. Bu il yeni çəkilmiş qaz kəmərlərinin uzunluğu 322 km olub, 2004-2008-ci illər ərzində isə 2 min km-dən artıq qaz kəmərləri çəkilib».
«Azəriqaz» başçısı əlavə edib ki, ölkə prezidentinin müvafiq sərəncamı ilə Bakı ətrafı kəndlərin qazlaşdırılması məqsədi ilə 200-dən artıq obyekt üzrə iş aparılması nəzərdə tutulub, 88 min abonentin qaz təminatı bərpa edilib: «Əgər 2004-cü ildə respublikada qazlaşdırma səviyyəsi 62% olubsa, 2008-ci ildə bu göstərici 84%-ə çatdırılıb. Son 4 ildə respublikada sayğacların quraşdırılması işləri sürətlə aparılaraq əhali abonentləri üzrə bu göstərici 99%-ə çatdırılıb».
Ə.Məlikov qeyd edib ki, təbii qaza artan tələbatı ödəmək məqsədilə respublikada strateji obyekt olan yeraltı qaz anbarlarına xüsusi diqqət yetirilir, onların tutumu üç dəfə artırılaraq 550 mln. kubmetrdən 1,004 mlrd. kubmetrə çatdırılıb».
«Azəriqaz» prezidenti vurğulayıb ki, 2009-2013-cü illəri əhatə edən Qazlaşdırma Proqramının layihəsi hazırlanaraq ölkə hökumətinə təqdim edilib. Proqrama əsasən, respublikanın bütün rayonları üzrə kənd və qəsəbələrin qazla təminatının bərpası işləri nəzərə alınıb, 1 900 yaşayış məntəqəsinə qazın verilməsi nəzərdə tutulub ki, nəticədə 550 min abonent təbii qazla təmin olunacaq: «Bu da respublika üzrə qazlaşma səviyyəsinin 90% çatdırılmasına imkan yaradacaq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR