OPEC noyabrın sonunda yenidən neft hasilatını azalda bilər

OPEC noyabrın sonunda yenidən neft hasilatını azalda bilər
# 13 noyabr 2008 13:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Neft İxracatçısı Ölkələri Təşkilatı (OPEC) artıq 2008-ci ilin noyabr ayının sonunda hasilat kvotalarıını azaldılmasına dair yeni qərar əbul edə bilər. «APA-Economics»in «Reuters» agentliyinə istinadən verdiyi məlumatına görə, bu bəyanatla təşkilatın prezidenti, Əlcəzairin təbii resurslar naziri Şakib Xəlil çıxış edib. Qeyd edək ki, OPEC-in əksər üzvləri gündəlik neft hasilatının azaldılması zəruriliyi barədə dəfələrlə çıxış edib.
OPEC-in növbəti iclası dekabrın 17-nə təyin olunsa da, hasilatın azaldılmasına dair qərar daha tez qəbul oluna bilər, çünki noyabrın 29-da Qahirədə OPEC üzvü olan ərəb ölkələrinin iclası keçiriləcək və məhz burada həmin məsələ müzakirə olunacaq. Bu iclasa OPEC-in bütün üzvlərinin dəvət olunacağı gözlənilir və məhz bu toplantıda kvotaların azaldılmasına dair yeni qərar qəbul oluna bilər.
OPEC prezidenti vurğulayıb ki, hazırda dünya iqtisadiyyatı çox pis vəziyyətdədir və bu, neftə olan tələbatı azaldaraq, qiymətlərə təsir edir. Onun sözlərinə görə, ABŞ, Avropa ölkələri və neft ixracatçısı olan ölkələr tərəfindən atılan addımlara baxmayaraq, neftin ucuzlaşması davam edir.
Xatırladaq ki, artıq noyabrın 3-dən OPEC gündəlik neft hasilatını 1,5 mln. barel azaldıb. Noyabrın 12-də OPEC-in «neft səbəti»nin qiyməti 49,49 dollar/barel təşkil edib və bu, 2007-ci ilin əvvəlindən ən minimal göstəricidir. Mütəxəssislərin hesablamalarına əsasən, 50 dollar/barel qiymət səviyyəsi artıq OPEC-in əksər ölkələri üçün təhlükəli sayılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR