Azərbaycan paytaxtında energetika nazirlərinin konfransı keçirilib – YENİLƏNİB

Azərbaycan paytaxtında energetika nazirlərinin konfransı keçirilib – <font color=red>YENİLƏNİB</font>
# 13 noyabr 2008 15:44 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə 22 ölkə və Avropa İttifaqının nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, ötən il Azərbaycanda 42,7 mln. ton neft və 16,6 mlrd. kubmetr qaz hasil edilib. İlkin məlumatlara görə, respublikanın neft ehtiyatları 2,2 mlrd. ton, qaz ehtiyatları isə 5,5 trln. Kubmetr həcmində qiymətləndirilir. Yaxın 4 ildə isə Azərbaycanın 208,2 mln. ton neft ixrac edəcəyi gözlənilir.
Nazirin sözlərinə görə, hazırda BTC kəməri vasitəsi ilə gündəlik 850 min barel neft nəql olunur və 2008-ci ilin sonuna kimi bu göstərici 1 mln. barelə çatdırılacaq. Azərbaycanın həyata keçirdiymi enerji layihələri haqqında məlumat verən N.Əliyev enerji sektorunda yeni layihələrin icra olunduğunu, o cümlədən Moldovada neftayırma zavodunun tikiləcəyini bildirib: «Azərbaycan Xəzərin karbohidrogen resurslarını Avropaya ixrac edəcək Odessa-Brodı və TransAdriatik layihələrini dəstəkləyir».
Qeyd edək ki, konfransda sabahkı sammitin gündəliyi, orada müzakirə olunacaq məsələlər, enerji təhlükəsizliyi, regional əməkdaşlıq məsələləri müzakirə edilib. Belə ki, toplantıda samitdə prezidentlərin imzalayacağı bəyannamənin layihəsi müzakirə olunub. Bu sənədlə yanaşı iştirakçılar Xəzərin karbohidrogen ehtiyatlarının Avropaya nəqli marşrutları ilə bağlı müzakirələr aparıblar və yalnız Qazaxıstanın nümayəndə heyəti bəyannamədə əksini tapacaq məsələlərə bitərəf qaldığını bildirib. Maraqlıdır ki, Rusiya nümayəndələri, o cümlədən RF-nin Azərbaycandakı səfiri konfransa dəvət olunsalar da tədbirə qatılmayıblar.
Xatırladaq ki, noyabrın 14-də Bakıda keçiriləcək sammitdə Türkiyə prezidenti Abdulla Gül, Polşa prezidenti Lex Kaçinski, Ukrayna prezidenti Viktor Yuşşenko, Litva prezidenti Valdas Adamkus, Estoniya prezidenti Tomas-Hendrik İlves, Latviya prezidenti Valdas Zatlers, Rumıniya prezidenti Trayan Basesku, Bolqarıstanın vitse-prezidenti Angel Marin, ABŞ və digər ölkələrin yüksək səviyyəli rəsmilərinin iştirakı gözlənilir.
Bakıda keçiriləcək enerji sammiti sayca 4-cü olacaq. Birinci enerji sammiti 2006-cı ilin mayında Polşa prezidentinin təşəbbüsü ilə bu ölkənin Krakov şəhərində, ikincisi 2007-ci ilin noyabrında Vilnüsdə (Litva), üçüncüsü isə bu ilin mayında Kiyevdə (Ukrayna) keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR