Natiq Əliyev: «Gələn il Azərbaycandan Gürcüstana qaz satışında güzəştli qiymət olmayacaq»

Natiq Əliyev: «Gələn il Azərbaycandan Gürcüstana qaz satışında güzəştli qiymət olmayacaq»
# 14 noyabr 2008 07:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov, Nicat Mustafayev - APA-Economics. Azərbaycan 2009-cu ildə Gürcüstanın təbii qazla təchizatında əhəmiyyətli rol oynayacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.
N.Əliyevin sözlərinə görə, Gürcüstan 2009-cu ildə qaz idxalı ilə bağlı Azərbaycan hökumətinə müraciət edib. Hazırda iki ölkə arasında alqı-satqı ilə bağlı məsələlər müzakirə olunur.
Qazın satış qiymətinə gəlincə nazir bunun hər iki ölkə üçün məqbul səviyyədə müəyyənləşdiriləcəyini vurğulayıb: «Güzəştli qiymət olmayacaq. Hər iki tərəfi qane edən qiymət müəyyənləşdiriləcək. Bir sözlə, öz ziyanımıza qaz satmayacağıq».
Hökumətdəki mənbələrdən «APA-Economics»ə verilən məlumata görə, artıq Azərbaycan və Gürcüstan arasında qazın alqı-satqısı ilə bağlı ilkin razılaşma əldə olunub. İlkin razılaşmaya əsasən, Azərbaycan Gürcüstana 2009-cu ildə təbii qazı 2008-ci ilin qiyməti ilə - 120 dollar/1000 kubmetr qiyməti ilə satacaq.
Hazırda tərəflər Gürcüstana nəql olunacaq qazın həcmi, həmçinin texniki məsələləri müzakirə edir. Mənbənin məlumatına görə, Gürcüstan tərəfi avqust ayında Rusiya ilə aparılan hərbi əməliyyatlar zamanı maddi itkilərinin çox olmasını əsas gətirərək qazın nəqli ilə bağlı bir sıra texniki problemlərin həllində, o cümlədən, bu ölkənin ərazisindəki qaz kəmərlərinin cari təmiri və hazırlanması işlərinin həyata keçirilməsində Azərbaycanın yardımını istəyir.
Qeyd edək ki, hazırda Gürcüstan «Şahdəniz» layihəsindən tranzit haqqı kimi sutkada 1 mln. kubmetr, ARDNŞ-dan isə 1,2-1,3 mln. kubmetr qaz alır. Gürcüstanın qazla təchizatında həmçinin bu ölkənin ərazisi ilə Rusiyadan Ermənistana qazın tranzitinə görə alınan mavi yanacaqdan da istifadə olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR