«Azəri-Çıraq-Günəşli» yataqlar blokunda istismar olunan «Mərkəzi Azəri» platformasından hasilat dekabrda bərpa ediləcək

«Azəri-Çıraq-Günəşli» yataqlar blokunda istismar olunan «Mərkəzi Azəri» platformasından hasilat dekabrda bərpa ediləcək
# 14 noyabr 2008 07:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin milli sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇC) yataqlar blokunda istismar olunan «Mərkəzi Azəri» hasilat platformasının fəaliyyətini bu ilin dekabr ayında bərpa edəcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.
«Bu ilin dekabr ayında «Mərkəzi Azəri» platformasında neft hasilatı bərpa olunacaq. Hazırda bu platformada bərpa işləri davam etdirilir», - deyə ARDNŞ başçısı vurğulayıb.
Xatırladaq ki, sentyabrın 17-də «Mərkəzi Azəri» və «Qərbi Azəri» platformalarının yaxınlığında detektorlar vasitəsi ilə dənizdə qaz sızması aşkarlanıb. Bununla əlaqədar platformaların bütün işçilərinin evakuasiya edilməsi haqqında qərar qəbul olunub. Nəticədə, 200-dən artıq işçi təhlükəsizlik məqsədi ilə evakuasiya edilib. Platformaların işinin dayandırılması nəticəsində AÇG blokunda neft hasilatı təxminən 50%-dən çox azalıb. Ümumilikdə, AÇG-da gündəlik neft hasilatının həcmi təxminən 850 min barelə bərabərdir. Lakin artıq oktyabr ayında «Qərbi Azəri»də hasilat işləri bərpa olunub. Bu iki platforma bir-biri ilə sıx bağlıdır.
Qeyd edək ki, bu ilin iyul ayında AÇG-da neft hasilatının orta gündəlik səviyyəsi 841,169 min barel təşkil edib. Hesabat dövründə «Çıraq-1» platformasında gündəlik orta hesabla 124,801 min barel, «Azəri»də isə 668,624 min barel neft hasil olunub. Cari ilin aprel ayından hasilat prosesinə cəlb olunan «Günəşli» yatağının dərinsulu hissəsində isə orta hesabla gündə 47,839 min barel neft çıxarılıb.
Xatırladaq ki, ötən il «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda neft hasilatının orta gündəlik səviyyəsi 685,5 min barelə bərabər olub. Belə ki, «Çıraq-1»dən gündə orta hesabla 132,406 min barel, «Azəri»dən isə 553,092 min barel neft hasil edilib.
Layihənin operatoru olan «BP-Azerbaijan» şirkətinin proqnozlarına əsasən, 2008-ci ildə «Çıraq-1» platformasından gündəlik orta hesabla 134 min barel, «Mərkəzi Azəri»dən 243,5 min barel, «Qərbi Azəri»dən 235,3 min barel, «Şərqi Azəri»dən 144,4 min barel, dərinsulu «Günəşli»dən isə 82,8 min barel neft hasil olunacaq. Müqayisə üçün bildirək ki, 2006-cı ildə bu yataqlardan ümumilikdə gündəlik orta hesabla 472 min barel neft hasil edilib.
«Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR