Azərbaycanla Qazaxıstan arasında Transxəzər Nəqletmə Sisteminin yaradılmasına dair sənəd imzalanıb

Azərbaycanla Qazaxıstan arasında Transxəzər Nəqletmə Sisteminin yaradılmasına dair sənəd imzalanıb
# 14 noyabr 2008 08:35 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Azərbaycan tərəfindən sənədi ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev, Qazaxıstan tərəfindən isə «Kazmunayqaz» şirkətinin prezidenti Kairgeldı Kabıldin imzalayıb.
Tədbirdə çıxış edən R.Abdullayev qeyd edib ki, imzalanan sənəd Azərbaycanla Qazaxıstan arasında 2006-cı ilin avqust ayında imzalanmış «Qazaxıstandan neftin Xəzər dənizi və Azərbaycanın ərazisi ilə Bakı-Tiflis-Ceyhan (BTC) sistemi vasitəsilə beynəlxalq bazarlara nəql edilməsinə yardım və dəstək verilməsi üzrə Saziş»in, habelə 2007-ci ildə ARDNŞ və «Kazmunayqaz» arasında imzalanan «Neft-qaz sahəsində strateji əməkdaşlıq üzrə Razılaşma»nın və «Transxəzər layihəsinin birgə reallaşdırması üzrə Memorandum»dan sonra növbəti addım kimi qiymətləndirilir: «Bununla da biz sözügedən layihənin reallaşmasına yaxınlaşırıq. Azərbaycan və Qazaxıstan neftinin Avropaya nəql olunması hər iki tərəf üçün səmərəli olacaq».
Tədbirdə iştirak edən Qazaxıstanın energetika və təbii sərvətlər naziri Sauat Mınbayev qeyd edib ki, bu il Qazaxıstanda neft hasilatı 70 mln. ton təşkil edəcək. Bunun 63 mln. tonu ixrac olunur, 12 mln. ton isə (Rusiya nefti də nəzərə alınmaqla) ölkənin daxili tələbatına sərf olunur: «Artıq 2015-ci ildə Qazaxıstanda 100 mln. ton neft hasilatı proqnozlaşdırılır ki, bizim neftin BTC ilə nəqli məqsədəuyğundur».
Öz növbəsində «Kazmunayqaz»ın prezidenti K.Kabıldin bildirib ki, Qazaxıstan neftinin nəqli əsasən tanker vasitəsilə həyata keçiriləcək. Layihənin ümumi dəyəri 3 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilir ki, Azərbaycan və Qazaxıstan bu vəsaiti kredit vasitəsi ilə cəlb edəcək.
Qeyd edək ki, imzalanmış sənəd Transxəzər layihəsinin birgə reallaşdırılmasının əsas şərt və prinsiplərini, «Kazmunayqaz» və ARDNŞ tərəfindən layihə üzrə birgə şirkətinin yaradılmasını, yaradılan güclərin maliyyələşdirilməsini, tariflərin təyin edilməsini, istifadə şərtlərini və Transxəzər sisteminin mərhələli inkişafını müəyyən edir.
Xatırladaq ki, Transxəzər sisteminin ilkin mərhələdə sutkada 500 min barel (ildə 23 mln. ton), daha sonra isə gücləri artıraraq sutkada 0,75-1,2 mln. barel (ildə 35-56 mln. ton) həcmində neft nəqlini təmin edəcəyi planlaşdırılır. Hazırda BTC kəmərinin illik gücü 50 mln. ton təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR